Təhsil Nazirliyinin informasiya şöbəsinin təşəbbüsü ilə “Bir”- könüllü -tələbə proqramı, NAYORA və UNEC-lə tərəfdaşlıqda Maarifçi QHT-lər və gənclər təşkilatları universitetin Karyera Mərkəzində iqtisadi və sosial inkişaf uğrunda “Beynəlxalq Könüllülər Günü”nü qeyd etdilər. Tədbirin informasiya dəstəyi AZƏRTAC Dövlət İnformasiya Agentliyi, “GreenPen.az” Təhsil Şəbəkəsi və Vesti.az tərəfindən həyata keçirilir.
Tədbirin açıq elan edən UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Karyera Mərkəzi haqqında məlumat verdi. Onun sözlərinə görə Azərbaycanda birinci İSO sertifikatı alan dövlət universiteti olan UNEC-in Karyera Mərkəzində tələbələrin məlumat bazaları hazırlanır, tələbələrin inkişafı üçün mexanizmlər işlənilir, gənclər üçün əmək yarmarkaları təşkil edilir, analitik qruplar yaradılır, biznes layihələri və məsləhət xidmətləri göstərilir.
Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov Maarifçi QHT-lərlə nazirliyin “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq keçirilən Maarifçi birliklərlə görüşlər “Beynəlxalq könüllülər günü” könüllülük fəlsəfəsindən, könüllülərin dövlət, QHT-lər və özəl sektor tərəfindən dəstəklənməsinin vacibliyindən, BMT-nin “Könüllüləri dəstəklə kampaniyası”, könüllülərin insan potensialının inkişafına dəstək online kampaniyası haqqında məlumat verərək gəncləri elm, təhsil, ekologiya, səhiyyə, məşğulluq, sülh və digər sahələrdə təşəbbüslər həyata keçirməyə, daha fəal olmağa və məlumatları öz yaşıdları ilə bölüşməyi tövsiyyə etdi.
Daha sonra Təhsil Nazirliyinin “Bir” Tələbə — könüllü proqramının nümayəndəsi Canoğlan İlyasov “Tələbə könüllü proqramı” haqqında təqdimatla çıxış etdi.
O öz çıxışında “BİR” Tələbə-Könüllü Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünya görüşünün genişləndirilməsi və onların akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq məqsədilə yarandığını söyləmişdir. “Beynəlxalq Könüllülük günü” ərəfəsində Azərbaycan Tələbə-Könüllülərin 1-ci Respublika Forumun və “BİR” Tələbə-Könüllü Proqramının rəsmi açılışı haqqında məlumat verən C.İlyasov proqramın fundamental prinsiplərindən biri tələbə-özünüidarəetmə prinsipi olduğunu və onun elektron bazası konullu.edu.az ilə görüş iştirakçılarını tanış etdi. Bu portal vasitəsilə tələbə-könüllülər qeydiyyatdan keçərək proqramın üzvü olurlar və “Könüllü Profili”ni yarada bilirlər. «Bir» Tələbə-Könüllü Proqramının rəsmi ünvanı vasitəsilə 6606 tələbə onlayn qeydiyyatdan keçmişdir.
İnformasiya görüşündə “Azərbaycanda könüllülük hərəkəti: təcrübə və imkanlar” mövzusunda təqdimatla çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Azərbaycanda könüllülüyün tarixindən, yerli və beynəlxalq könüllülük proqramlarından, Azərbaycan könüllülük xidməti və Avropa könüllülük xidməti və onların məqsədləri və Avropa könüllülük xidmətinin www.europa.eu saytı haqqında məlumat verdi. O, həmçinin bu proqramların fərdlərə və gənclər təşkilatlarına yaratdığı imkanlara aid tövsiyyələr verdi.
“Beynəlxalq Könüllülər Günündə” Maarifçi QHT-lərin rəhbərlərinin və alimlərinin — “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti , kulturoloq, professor Fuad Məmmədovun və “Tərəqqi və demokratiya” elmə dəstək ictimai birliyinin sədri, sosiologiya elmləri doktoru Əhməd Qəşəm oğlunun elmə və təhsilə münasibət, kulturologiya, insan mədəniyyəti, mənəviyyat, fərdi istedadın inkişafı, təşəbbüskarlıq və novatorluq, könüllülük və digər məsələlərlə bağlı gənclər üçün maraqlı və faydalı təqdimatları edildi.