Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Qabil Manafovun “Xalq qəzeti”nə müsahibəsi
– Qabil müəllim, universitetinizdə magistr hazırlığı necə gedir?
– Universitetimizdə müasir dövrün kəskin rəqabəti şəraitində hərtərəfli biliklərə yiyələnən və ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan islahatları həyata kecirə biləcək kadrlar və yüksək ixtisaslı mütəxəssisilər hazırlanması prosesi gücləndirilib. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlayan və elmi araşdırmalar həyata keçirən təxminən 1482 magistrant təhsil alır. Bu il 511 nəfər universitetimizin magistratura pilləsinə daxil olub.
Magistr hazırlığına demək olar ki, universitetimizin bütün kafedraları cəlb olunub. Dərslər ən təcrübəli professor və dosentlər, həmçinin ayrı-ayrı nazirlik, komitə, özəl müəssisə və təşkilatların respublikada tanınmış, nüfuzlu, aparıcı mütəxəssisləri tərəfindən aparılır. Mühazirə, məşğələ, laboratoriya dərsləri əsasən interaktiv formada, nəzəriyyə və praktikanın vəhdəti qaydasında keçirilir. Dərslər hazırda Avropa kredit sisteminin tələblərinə uyğun aparılır.
Mərkəzdə tədris dili əsasən Azərbaycan dilidir. Lakin bu dillə yanaşı, bir sıra ixtisaslarda rus dili, həmçinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə əlavə olaraq, türk və ingilis dillərində tədris olunur. Bu baxımdan “Türk dünyası işlətmə” fakültəsində “Beynəlxalq münasibətlər və diplomatiya” və “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə dərslər Türkiyənin təhsil proqramları üzrə aparılır.
Magistrantlar təhsil prosesi ilə paralel olaraq, ilk semestrdən başlayaraq, universitetin və respublikanın ən təcrübəli alim və ya mütəxəssislərinin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyir və işi dördüncü semestrin sonunda ixtisaslaşdırılmış elmi şuralarda müdafiə etdikdən sonra magistr dərəcəsi almağa layiq görülürlər. Bununla əlaqədar olaraq demək istəyirəm ki, bu ilin may ayında 241 magistrantımız diplom işlərini müvəffəqiyyətlə müdafiə etmişlər. Onlardan 122 nəfəri “əla”, 64-ü “çox yaxşı”, 42 nəfəri isə “yaxşı” qiymətlər alıblar ki, bu da birlikdə bütün müdafiə edənlərin 93%-ni təşkil edir. Bütövlükdə 53 magistrantımız fərqlənmə diplomuna layiq görülübdür.
– Tədris prosesində hansı dəyişikliklər edilib?
– Magistratura mərkəzində tədrisin keyfiyyətinin daha da artırılması üçün bir sıra tədbirlər həyata keçirildi. Tədris planları təkmilləşdirilidi, bundan başqa, praktiki dərslərin keçirilməsində müasir informasiya texnologiyalarından istifadə tətbiqi, habelə auditoriyaların texniki təminatı gücləndirildi. Sevindirici haldır ki, magistrantların 2014-2015-ci tədris ilində müvəffəqiyyət və keyfiyyət göstəricisi ötən illə müqayisədə 10 faiz atrmışdır.
Magistrantlarımız hər il olduğu kimi, bu il də elmi konfranslarda fəal iştirak ediblər. May ayında Sumqayıt Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən magistrların XV Ümumrespublika konfransında magistrantlarımız qalib oldular. Belə ki, konfransında onların 143 tezisi dərc edildi və 2 magistrımız I dərəcəli diploma, 3-ü II dərəcəli, 5 nəfər isə III dərəcəli diploma layiq görüldü.
Yeniliklərimizdən biri də odur ki, bu ildən magistrantlar üçün yay məktəbi təşkil olunub. Kredit borcu olan 40 magistrantımız yay məktəblərində onları ödəyə biləcəklər. Ümumiyyətlə çalışırıq ki, magistrantlarımızla daim təmasda olaq, onların arzu və təkliflərini nəzərə alaq. Bu məqsədlə dərslərin keçirilmə şəraiti, vaxtı, keyfiyyəti, interaktiv metodlardan istifadə barədə həvəsləndirici sorğu anketi hazırladıq. Dərslərin keyfiyyəti, keçirilmə şəraiti barədə cavabların böyük əksəriyyəti qənaətbəxş idi. Magistrantların çoxsaylı müraciətlərinə əsasən dərsləri axşam saatlarına keçirdik.
– Yeni tədris ilində prioritetləriniz nədir?
– Magistraturada tədrisin gələcəkdə keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı arzularımız və planlarımız çoxdur. Onların sırasında tədris planlarının daha da təkmilləşdirilməsi, müasir dövrün tələblərinə uyğun olan bəzi yeni ixtisas və ixtisaslaşmaların açılması, tədris prosesi üçün hazırda mövcud olan ümumi kreditlərin sayının (120 kredit) və təhsil müddətinin dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsinə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Avropanın qabaqcıl universitetləri ilə magistratura səviyyəsində əlaqələrin genişləndirilməsi də prioritetlərimiz sırasındadır.
Müsahibəni apardı: Elnarə ÖMƏROVA