Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov dövlət müstəqilliyinin 25 illik tarixi ərzində həyata keçirilən sosial-iqtisadi proseslərinə qısa nəzər salıb. Bildirib ki, həmin illərdə Azərbaycan Respublikasını sürətlə dərinləşməkdə olan sosial-iqtisadi, ictimai-siyasi böhrandan çıxaran, onun müstəqilliyini əzmlə qoruyub saxlayan və davamlı inkişafı üçün sarsılmaz əsaslar yaradan Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov “Müstəqilliyin 25 ili: sosial-iqtisadi inkişafın nəticələri və perspektivlər” adlı məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının 1991-2015-ci illəri əhatə edən son 25 illik sosial-iqtisadi inkişaf proseslərini dövrlər və mərhələlər üzrə əhatə şəkildə təhlil edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticəsi olaraq bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. R.Hüseynov milli iqtisadiyyatın inkişafının strateji yol xəritəsi üzrə həyata keçirilməsi nəzərdə tutulan priroritet məsələlər barədə də məlumat verib.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı geniş miqyaslı elmi tədqiqatların aparılmasının zəruriliyindən danışıb. Bildirib ki, UNEC-də bu istiqamətdə araşdırmalar aparılır və nəticələrlə bağlı elmi seminarlar keçirilir. O, UNEC-in professor-müəllim heyətini, eləcə də bakalavr və magistrlərini elmi seminarlarda aktiv iştirak etməyə çağırıb.
Tədbir müzakirələrlə davam edib.