Zülfiyyə Abiyeva 1999-cu il oktyabrın 14-də Sumqayıt şəhərində anadan olub. 23 saylı tam orta məktəbi bitirib. 9-cu sinifdə coğrafiya fənni olimpiadasında region üzrə II yeri qazanıb. Sumqayıt Dövlət Universitetinin təşkil etdiyi tarix olimpiadasında, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən diyarşünaslıq olimpiadasında I yerə layiq görülüb. Məktəbi fərqlənmə ilə bitirib. Boş vaxtlarında mütaliə etməyi sevir. 2017-2018-ci ilin qəbul imtahanlarında 690 bal toplayaraq UNEC-ə qəbul olub.
– Zülfiyyə, imtahanlarda yüksək nəticə əldə etməyin sizə görə ən uğurlu üsulu hansıdır?
– Öz təcrübəmdən onu deyə bilərəm ki, qəbul imtahanlarına daha ciddi 10-cu sinifdən hazırlaşmağa başladım. Desəm ki, yuxusuz qalırdım, özümü əyləncələrdən tamamilə təcrid etmişdim, sosial şəbəkələrdən uzaq idim, doğru olmaz. Günümü elə bölmüşdüm ki, həm dərslərə, həm də istirahətə vaxt ayıra bilirdim. Dərslərimə məsuliyyətlə yanaşır, verilən tapşırıqları gündəlik hazırlayırdım. Qarşıma 700 bal toplamağı məqsəd qoymuşdum. İlk imtahanda 682 bal topladım. İkinci imtahandan isə ən yüksək nəticəni gözləyirdim, lakin əvvəlki ilə müqayisədə cəmi 8 bal artıq – 690 bal topladım.
– Universitet və ixtisas seçimini necə etdiniz? Araşdırmalar aparırdınızmı, yoxsa hansı universitetə daxil olacağınıza qərar vermişdiniz?
– Universitet seçimində qərarım birmənalı olaraq UNEC idi. UNEC barədə məlumatları universitetin rəsmi saytı və instagram səhifəsindən əldə edirdim. Sadəcə ixtisas seçimində tərəddüdlərin var idi. UNEC-də yuxarı sinif şagirdləri üçün keçirilən infotura qatıldım. İnfotur digər şagirdlər kimi, mənim üçün də çox faydalı oldu. Həm dərslərdə iştirak etmək, həm imtahan prosesini yaxından izləmək imkanım oldu. UNEC-də Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri ilə tanışlığım zamanı burada çox səmimi mühitin şahidi oldum. Tələbələr ixtisas seçimimdə də mənə böyük dəstək oldu.
– UNEC-in tələbələrə verdiyi hansı imkanlardan yararlanmağı düşünürsünüz?
– UNEC-də layihələr, proqramlar çoxdur. Hamısı da tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə yönəlib. Bilirik ki, iş dünyasında xarici universitetdə təhsil təcrübəsinə daha çox üstünlük verirlər. UNEC-də bu istiqamətdə çox uğurlu mübadilə və ikili diplom proqramları həyata keçirilir. Təbii ki, mən də bu imkanlardan maksimum yararlanmağı qarşıma məqsəd qoymuşam. UNEC-də reallaşdırılan London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə etməyi düşünürəm. Əminəm ki, UNEC-dəki yüksək təhsil uğurlu gələcəyimin təminatıdır.
– UNEC-dəki mühiti, tələbə-müəllim münasibətini necə qiymətləndirirsiniz?
– UNEC-də müəllim-tələbə münasibətini çox yüksək qiymətləndirirəm. Düşünməzdim ki, müəllim-tələbə arasında belə səmimi dostluq münasibəti olsun. Məktəbdə təhsil aldığım dövrdə müəllimlərimizlə aramızda rəsmiyyət daha çox idi. Burada isə biz onlarla dostuq. Onlara istənilən mövzuda rahatlıqla müraciət edə bilir, fikir mübadiləsi aparırıq. Bu, məncə, tələbə üçün ən önəmli amildir. UNEC-dəki müsbət auranın həyatımda xoş izlər buraxacağına əminəm.
UNEC-in prezident təqaüdçüləri
Nurlan Cabbarlı – Prezident təqaüdçüsü: “UNEC-dəki rəqabət mühitini çox sevirəm!” (17.10.2017)
Elmar Abdullayev – Prezident təqaüdçüsü: “UNEC-də bir gün” uğurlu gələcəyə addım atmaqdır (12.10.2017)
Rəşad Mustafasoy – Prezident təqaüdçüsü: “UNEC-də hər kəs mənəvi məsuliyyətini vicdanla yerinə yetirir” (04.10.2017)
Arzu Məmmədzadə – 700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq (27.09.2017)
Cavad Əliyev – 700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm (19.09.2017)