Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Maliyyə-İqtisad Kollecində

16 MART 2017 | VIEWS:
2204

Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüşüb.

Kollecin direktoru Həmzə Ziyadov İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğinə geniş imkan yaradacaq. O qeyd edib ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır və belə idman yarışlarının təşkili bu mövqenin bir daha möhkəmlənməsinə səbəb olur.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanın dəfələrlə mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq, IV İslam Həmrəyliyi Oyunlarının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına bir təkan verəcəyini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən hazırlıq tədbirlərini yüksək dəyərləndirən İ.Vəliyev qeyd edib ki, oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaq və ölkəmizi yaxından tanıyacaqlar.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva çıxış edərək bildirib ki, uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca ölkəmizdə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. K.Nurullayeva 21 idman növü üzrə 57 dövlətin 6 minə yaxın idmançısının mübarizə aparacağı oyunların 2017-ci il mayın 12-də başlayacağını diqqətə çatdırıb.

Sonda İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

2205 1