UNEC-də Qarabağ iqtisadiyyatının gələcək inkşafı ilə bağlı müzakirələr keçirilib

18 NOYABR 2020 | VIEWS:
754

UNEC-də “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir keçirilib.

Canlı yayımlanan müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda olub.

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov iştirak ediblər.

Rektor Ədalət Muradov bildirib ki, tədbirdə Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı müəyyən baxışlar ortaya qoyulacaq, işğaldan azad olunan ərazilərin iqtisadiyyatının inkişafı və perspektivləri müzakirə olunacaqdır.

Tədbirdə Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dos.Altay İsmayılov “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, instutisional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirib. Həmçinin regionda “Universitet – Dövlət – Sənaye Modeli”nin tətbiqinin effektivliyini diqqətə çatdırıb.

Milli Məclisin komitə sədri Tahir Mirkişili işğala qədərki dövrdə Qarabağ ərazisinin ölkə iqtisadiyyatının 15-20 faizini təşkil etdiyini, həmin ərazilərin ölkənin ərzaq təhlükəsizliyinin təminatında payının təxminən 15-17% faiz olduğunu diqqətə çatdırıb. Hazırda isə Qarabağ regionunun iqtisadi potensialının daha geniş olduğunu vurğulayan Tahir Mirkişili, bu imkanların təxminən 8%-ə qədər artırılmasının mümkünlüyünü deyib. Qarabağ regionunun Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə potensialının 15-20 faiz təşkil etdiyini bildirib. Komitə sədri Qarabağda Regional İnnovasiya Mərkəzinin yaradılmasının yüksək effekt verə biləcəyini vurğulayaraq, bu mərkəzin qurulmasını şərtləndirən amilləri, eləcə də beynəlxalq təcrübəni paylaşıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkə Prezidenti tərəfindən müəyyən edilən iqtisadi inkişaf modelinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradıldığını, hazırda həmin ərazilərində bərpa işlərinə başlanıldığını bildirib. Nazir müavini işğal nəticəsində dəyən maddi və mənəvi zərərlə bağlı statistik məlumatları açıqlayıb.

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov iqtisadi inkişafla bağlı milli hədəflərdən danışıb. Regionun İnnovasiya Mərkəzinə çevrilməsi üçün ciddi araşdırmalara ehtiyacın olduğunu, bu istiqamətdə biznes mühitin təkmilləşdirilıməsinin, startapların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Prof.N.İmanov Qarabağın real iqtisadi inkişaf istiqamətlərindən də bəhs edib.

Sonda rektor bir sıra konseptual məqamlara diqqət çəkib. Ölkə iqtisadiyyatında investisiya yatırımına ehtiyacı olan region və sahələrin olduğunu deyən rektor, Qarabağ iqtisadiyyatının bu baxımdan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli və əvəzolunmaz şans olduğunu deyib. Professor Ə.Muradov “Rəqəmsal Qarabağ” Dövlət Proqramının hazırlanmasının, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradılmasının, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində “Smart city” (Ağıllı şəhər) modelinin qurulmasının faydalı olacağını bildirib.

Müzakirələrdən sonra izləyicilərin sualları cavablandırılıb və təklifləri səsləndirilib.

Qeyd: “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir 20 noyabr saat 11:00-da “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusunda olacaq. Müzakirələr UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımlanacaq.

*
http://news.unec.edu.az/xeber/100-elm/6904-bold-red-unec-de-garabag-igtisadiyyatinin-gelecek-inkshafi-ile-bagli-muzakireler-kechirilib-bold-red

755 2