Dekabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus dili kafedrasında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
Rus dili kafedrasının müdiri Gülnarə Rzayeva görkəmli şair, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb. Şairin geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyinin müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli və yaddaqalan səhifələr yazdığını bildirib.
Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov, Biznes inzibatçılığı fakültəsinin dekanı Zülfüqar İbrahimli xalq şairinin poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynadığını qeyd ediblər. Bildiriblər ki, xalq şairi yaradıcılığı boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk edib və bu missiyanın daşıyıcısı olması ilə qürur duyub.
Rus dili kafedrasının baş müəllimi Könül İsmayılova bildirib ki, Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verib, çağdaş milli şeirimizin klassiki zirvəsinə yüksəlib.
Tədbirdə Bəxtiyar Vahabzadənin həyat və yardıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, şairin öz ifasında şerləri səsləndirilib. Eyni zamanda Kommersiyanın fakültəsinin tələbələri şairin şeir və poemalarından parçalar səsləndiriblər.