“Thomson Reuters”in mütəxəssisləri UNEC-in gənc tədqiqatçılarına təlim keçib

16 İYUN 2017 | VIEWS:
2218

UNEC-də “Web of Science bazasından istifadə və əməliyyat aparma qaydaları”na həsr olunan təlim keçirilib. “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutan təlimə 50 alim və tədqiqatçı qatılıb.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, UNEC 2016-cı ildən “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunədir, eyni zamanda universitetdə həmin şirkətin təlimləri təşkil olunub.

Z.Məmmədov UNEC-in nüfuzlu elmi platformalara çıxış imkanının universitetdə həyata keçirilən elmi tədqiqat fəaliyyətlərinin informasiya təminatının əhəmiyyətli dərəcədə artırdığını diqqətə çatdırıb. Bildirib ki, magistratura və doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı prosesi elmin ən son nailiyyətlərinin tədris prosesinə tətbiqini zəruri edir. Bu baxımdan UNEC-də təhsil alan magistr və doktorantların, burada dərs deyən müəllimlərin və elmi rəhbərlərin belə elmi platformalardan intensiv istifadəsi universietlərin qeyd olunan istiqamətdəki fəaliyyətinə müsbət təsir göstərəcək.

“Thomson Reuters”in departament direktoru Valentin Boqorov qeyd edib ki, təlimin nəticəsi olaraq tədqiqatçılar elmi informasiya və nəşrlər  seçmək, eyni zamanda çap etmək imkanı əldə edəcəklər. Təlim iştirakçıları birinci dərəcəli elmi bazalara tam çıxışla yanaşı, dünya elminin və tədqiqat fəaliyyətlərinin ən son nailiyyətlərilə də tanış olacaqlar.

Təlimdə bildirilib ki, “Thomson Reuters”in elmi platformalarındakı nəşrlərin standartlarına və məzmuna uyğun hazırlanan məqalələr bütövlükdə elmi tədqiqat işlərinin forma və məzmunca köklü şəkildə yaxşılaşmasına səbəb olacaq. Bundan başqa, elmi problemlər üzrə aparılan tədqiqatlar sayəsində dünyanın ən nüfuzlu alimlərinin bu sahədə həyata keçirdiyi işlərlə tanış olmaq və onların arasından tərəfdaşlar seçmək imkanı qazana biləcəklər. Elmi-tədqiqat işlərinin aktual problemlərə həsr edilməsi müəllimin bir alim kimi tanınmasına, təmsil olunduğu kollektiv üzvləri, tələbələr və ümumiyyətlə, ictimaiyyət arasında böyük nüfuz qazanmasına şərait yaradır. Ali məktəb müəlliminin tədqiqatçı alim, tədqiqatçı pedaqoq kimi formalaşması onun tələbələrinin də tədqiqatçı kimi yetişmələrinə müsbət təsir göstərir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

2219 1