Türk Dünyası İşlətmə fakültəsində Xocalı faciəsi anılıb

24 FEVRAL 2016 | VIEWS:
2126

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə fakültəsində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Azərbaycan dili kafedrasının müdiri, filologiya elmlər doktoru Tofiq Əbdülhəsənli Xocalı faciəsinin xalqımıza yaşatdığı acıları, sarsılmaz izləri, insanlığa sığmayan erməni vəhşilikləri haqqında məruzə edərək gəncləri mübariz olmağa səsləyib.

Azərbaycan dili kafedrasının dosenti Aynur Qədimalıyeva bildirib ki, xalqımız yüzilliklər boyu erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlı qətlə yetirilib, xəstələrə, yaşlı və körpə uşaqlara, qadınlara amansızca soyqırım həyata keçirilib.

Tələbələr“Xocalı gənclərin gözü ilə”, “Xocalıya ədalət”, “Xocalı faciəsi qurbanları” mövzusunda məruzə ilə çıxış edib, şair Zəlimxan Yaqubun “Tanrım, məni şəhid et” şeirini söyləyiblər.

Tədbirin sonunda iştirak edən professor-müəllim heyəti və tələbələrin birgə çağırışı əsasında vurğulanıb ki, cinayət cəzasız qalmamalı, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

2127 1