Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan respublika elmi konfransında iştirak edib.
“Müasir elmin aktual problemləri” mövzusunda keçirilən konfransda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov elm və təhsil sahəsində qazanılan uğurların Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu bildirib. Z.Məmmədov elmi əlaqələrin və əməkdaşlığın genişlənməsi məqsədilə elmin müxtəlif sahələrində birgə konfransların, müzakirələrin, elmi seminarların, fikir mübadilələrinin aparılmasının əhəmiyyətini də vurğulayıb.
UNEC-də son dövrlərdə əldə edilən uğurlu elmi fəaliyyət haqqında danışan professor Z.Məmmədov, universitetdə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi barədə də ətraflı məlumat verib.
Lənkəran Dövlət Universitetinin rəhbərliyi bu sahədə UNEC təcrübəsindən bəhrələnəcəyini bildirib.
Konfransda professor Zahid Məmmədov “Qlobal çağırışlar kontekstində Mərkəzi Bankın fəaliyyətində dəyişiklikər və məqsədlər” mövzusunda məruzə ilə çıxış edib.
“Mühasibat uçotunun konseptual əsasları” mövzusunda çıxış edən “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilən mühasibat uçotunun fundamental prinsiplərinin müəyyənləşdirilməsi və bu prinsiplərin məntiqi əsasları haqqında ətraflı məlumat verib. Bildirib ki, konseptual əsasların məqsədi maliyyə hesabatlarında şəffaflığın təmin edilməsidir.
UNEC alimləri Zöhrab İbrahimov “Bank fəaliyyətində risklər və onların idarə edilməsi”, Emin Qəribli “Makroiqtisadi inkişafın qiymətləndirilməsi metodları”, Təranə Kərimova “Daxili investisiyaların ölkə iqtisadiyyatının inkişafında rolunun qiymətləndirilməsi” mövzuları ilə plenar və bölmə iclaslarında çıxış ediblər.
Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasına UNEC-in dərslik və dərs vəsaitləri hədiyyə olunub.