Anar Rzayev: “Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in qərb universitetlərinə açılan qapısıdır”-müsahibə

21 OKTYABR 2015 | VIEWS:
3043

Azərbaycan, Bakı, 20 oktyabr /trend.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayevlə müsahibə:

– Beynəlxalq İqtisadiyyat Məktəbi hansi zərurətdən yarandi?

– Beynəlxalq İqtisadiyyat Məktəbinin yaranması UNEC-in intensiv beynəlmiləşmə və eyni zamanda tədrisin keyfiyyətinin artırılması strategiyasının bir hissəsidir. Universitetin rektoru, professor Ədalət Muradov dəfələrlə vurğulayıb ki, hədəfimiz qabaqcıl qərb univresitetlərinə çatmaqdır. Beynəlxalq İqtisadiyyat Məktəbi bu mənada əsas alətlərdən biridir. Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in beynəlxalq, xüsusən də qərb universitetləri ilə, əlaqələrin həyata keçirilməsində avanqard fakültə və eyni zamanda universitet daxilində yenilikləri ilk tətbiq edecək fakültə kimi bir model rolunu oynayacaq. Qısa desək, Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in qərb universitetlərinə, təhsil standartlarına tərəf açılmış bir qapısıdır.

UNEC -in rektoru, professor Ədalət Muradov 2014/2015 tədris ilinin başlanmasından öncə Beynəlxalq İqtisadiyyat Məktəbinin yaradılması və fəaliyyət istiqamətləri konseptini formalaşdıraraq tədris ili ərzində tam miqyaslı hazırlıq işlərinin başlanması haqqıda tapşırıq vermişdir. Bu işləri həyata keçirmək üçün İngilis Dilində Tədris Mərkəzi yaradılmışdır. 2015/2016-cı tədris ilində isə UNEC-in Elmi Şurasının qərarı ilə Beynəlxalq İqtisadiyyat Məktəbi yaradıldı.

– Beynəlxalq İqtisadiyyat Məktəbi haqqında ətraflı məlumat verməyinizi xahiş edirik.

– Beynəlxalq İqtisadiyyat Məktəbində tədris tamamilə ingilis dilində aparılır. İstisna Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləridir. Məktəbdə ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Qeyd etmək istəyirəm ki, UNEC-in yeni tədris planına görə, dərslər 8 semestr yox, 7 semestr davam edir. Bu o deməkdir ki, tələbələr faktiki olaraq dərslərdə 3,5 il iştirak edirlər.

– Beynəlxalq İqtisadiyyat Məktəbində hansı ixtisaslar var?

– Beş ixtisas üzrə – Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas – Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparırıq. Gələcəkdə ixtisasların artırılması da mümkün olacaq.

– Tələbə Beynəlxalq İqtisadiyyat Məktəbini seçməklə hansı üstünlüklərə sahib olacaq və nə əldə edəcək?

– Beynəlxalq İqtisadiyyat Məktəbində bütün sillabuslar (fənn proqramları) qərb universitetlərinin proqramlarına uygunlaşdırılıb. Tədrisin ingilis dilində olmasının daha bir əhəmiyyətli müsbət cəhəti odur ki, ədəbiyyata geniş çıxış imkanları əldə edilir, yəni tələbələr ən son qərb dərsliklərindən istifadə edirlər. Bu da nəticədə tələbənin günün tələblərinə daha adekvat təhsil almasına şərait yaradır. Beynəlxalq İqtisadiyyat Məktəbində dərs deyən müəllimlər qərb universitetlərinin məzunlarıdır və onlar fənn proqramlarının hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin tədris etdikləri fənlər məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir.

Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən danışarkən, ingilis dili faktorunu unutmaq olmaz. Bizim məzunlarımız ingilis dilini peşəkar səviyyədə biləcəklər və demək olar ki, istənilən mövzuda ingilis dilində sərbəst fikir mübadiləsi aparacaqlar. Məzunlarımızın ümumi ingilis dili biliklərindən əlavə çox geniş terminlər bazası da olacaq. Bu terminlər bazası əlbətdə ki, tədris olunan fənlərdən formalaşacaq. Təsadüfi deyil ki, UNEC-in İnnovativ Biznes İnkubatorunda Tərcümə şirkətini bizim tələbələr yaradıblar və qısa bir zamanda bacarıqlarını mənfəətə çevirə biliblər.

Tələbələrimiz UNEC-in beynəlxalq əlaqələrindən çox geniş istidadə edirlər. Keçən il tələbələrimiz Almaniyanın Ziegen Universiteti, Litvanın Mykolas Romeris univesitləri ilə mübadilə proqramlarında iştirak edərək, bu universitetlərdə bir semestr təhsil alıblar. Hazırda isə Fransanın çox nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramı ilə bağlı danışıqlar yekun mərhələdədir. İtaliyanın Bocconi Universiteti və Fransanın Sorbonne Universiteti ilə danışıqlara start verilib. Hazırda tələbələrin universitetdə oxuduğu zaman ikinci ixtisas almaq modeli üzərində işləyirik. Model təsdiqləndikdən sonra tələbələr fərq fənlərini əlavə oxumaqla ikinci ixtisası əldə edə biləcəklər.

– Beynəlxalq İqtisadiyyat Məktəbi tədris prosesində əmək bazarının tələblərini nəzərə alıb?

– Beynəlxalq İqtisadiyyat Məktəbində dərs deyən müəllimlər hər biri dövlət idarələri və şirkətlərində, özəl sektorda bir çox hallarda yüksək vəzifə tutan peşəkarlardır. Onların arasında SOCAR, SOFAZ, Mərkəzi Bank, BP, Ernst&Young, Deloitte və s. kimi nüfuzlu şirkət və qurumların əməkdaşları var. Tələbələr müəllimlərin vasitəsi ilə əmək bazarına çıxış əldə edirlər. Eyni zamanda biz tələbələrimizin istehsalat təcrübəsini daha səmərəli təşkil etmək üçün tanınmış şirkətlərlə danışıqlar aparırıq ki, bu da sözü gedən məsələyə töhfəsini verəcək.

– Bu il Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulda tələbə sayını və keyfiyyəti necə dəyərləndirirsiniz?

– Çox yaxşı ki, bu məsələyə toxundunuz. Çünki bu bizim rəqabət üstünlüklərimizdən biridir. Tələbənin hansı mühitdə və kimlərlə rəqabət apararaq təhsil alması çox mühümdür və bu, tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Bu il Beynəlxalq İqtisadiyyat Məktəbinə 175 nəfər qəbul elan edilib və bütün yerlər dolub. Əlavə olaraq demək istəyirəm ki, rəqabət çox yüksək olub. Bu il UNEC-ə 600-dən yuxarı balla daxil olan 102 tələbənin 51-i Beynəlxalq İqtisadiyyat Məktəbini seçib. Daxil olan tələbələrin orta bali 538-dir. Bu çox yüksək göstəricidir. Maliyyə ixtisası üzrə orta bal 613, Muhasibat Uçotu ixtisası üzrə isə orta bal 590-dır.

Bundan başqa, xarici ölkələrdən də Beynəlxalq İqtisadiyyat Məktəbinə maraq yüksəkdir. Universitetin Beynəlxalq Əlaqələr Departamentinə çoxsaylı müraciətlər daxil olub. Universitet rəhbərliyinin UNEC-ə xarici tələbələrin cəlb olunması haqqında xüsusi tapşırığı var və bunun üzərində ciddi hazırlıq işləri aparılır. Qeyd etmək istəyirəm ki, burada uzaq xarici ölkələrindən söhbət gedir. Məqsəd ondan ibarətdir ki, qəbul olunan tələbə ilə yalnız ingilis dilində təmas qurmaq mümkün olsun, bu da öz növbəsində çox unikal multi-kultural mühit yaradacaq.

– Beynəlxalq İqtisadiyyat Məktəbini seçən tələbələr hansı keyfiyyətləri ilə seçilirlər?

– İlk növbədə məqsədyönlülük. Hiss olunur ki, hər tələbə həyat və karyera planları haqqında düşünür və artıq özü üçün müəyyən hədəflər təyin edir. İkincisi, fəallıqları ilə. Tələbələr çox fəaldırlar. Demək olar ki, hər gün bir layihə ilə yaxınlaşırlar. Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri universitetin Marketinq və Kommunikasiya Departamentinin, tələbə cəmiyyətlərinin keçirdiyi tədbirlərin istinad noqtələrinə dönürlər. Hiss olunur ki, bu tələbələr bitirdikləri orta məktəblərin də fəal şagirdləri olublar. Çoxlarının başqa bacarıqları da var. Məsələn, məlum olub ki, çoxlu sayda müsiqi alətlərində ifa edə bilən tələbələrimiz var. Biz artıq universitet daxili bir ansambl qurmaq barəsində düşünürük. Çox gözəl rəssamlıq bacarığı olan tələbələrimiz də var və UNEC daxilində sərgi təşkil etməyə hazırlaşırıq.

3044 1