Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin MBA proqramı ACCA akkreditasiyası qazanıb.
İlk dəfə UNEC Biznes Məktəbinin MBA Proqramının “Mühasibat uçotu” ixtisaslaşması 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək 5 illik müddətə ACCA təşkilatında mühasibat və audit ixtisaslaşması üzrə peşəkar səviyyəli akkreditasiya edilib. Bununla da UNEC Biznes Məktəbinin məzunları Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA (Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyası) təşkilatının kvalifikasiyası üzrə bütün fundamental fənlərdən azad edilib.
2017/18-ci tədris ilindən etibarən UNEC Biznes Məktəbini bitirən məzunları (“Mühasibat uçotu” ixtisaslaşması üzrə) ACCA akkreditasiyasının fundamental hissəsinin aşağıda qeyd edilən bütün fənlərindən azad olunurlar:
F2 – İdarəetmə uçotu;
F3 – Maliyyə uçotu;
F4 – Biznes hüququ;
F5 – Performansın idarəedilməsi;
F6 – Vergitutma;
F7 – Maliyyə hesabatı;
F8 – Audit;
F9 – Maliyyə menecmenti.
“Mühasibat uçotu” ixtisaslaşmasından başqa digər ixtisaslaşmalardan məzun olanlar isə ACCA təşkilatının F1-F4 imtahanlarından azad olunurlar.
Qeyd: ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC Biznes Məktəbinin MBA proqramı ACCA akkreditasiyasını əldə etməklə öz magistrlərinin əminliklə karyera qurmasına şərait yaradır, onları əlavə vaxt itkisindən və xərclərdən azad edir.
ACCA kvalifikasiyası İngiltərədə yaradılıb. Bu kvalifikasiya maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər formalaşadıran peşəkar kvalifikasiya hesab olunur.
ACCA təşkilatında akkreditə edilən UNEC Biznes Məktəbinin MBA proqramının məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabət qabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər belə məzunlara qeyd-şərtsiz üstünlük verirlər. ACCA sertifikatı peşəkar dəyərlərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli kvalifikasiya statusuna malikdir.