UNEC-də “Anlayaraq surətli oxumaq” kitabının təqdimatı keçirilib və müsabiqəyə start verilib
UNEC-də “Anlayaraq surətli oxumaq” kitabının təqdimatı keçirilib. “Qanun” nəşriyyatı tərəfindən tərcümə olunaraq azərbaycan dilində çap olunan kitabın müəllifi surətli oxu eksperti Peter Kumpdur.
Təqdimat mərasimini giriş sözü ilə UNEC-in elm və innovasiyalar üzrə prorektoru dosent Fariz Əhmədov açaraq, universitetdə mütəmadi olaraq təşkil edilən kitab təqdimatlarının başlıca məqsədinin mütaliə mühitinin inkişaf etdirilməsi, gənclərdə sürətli oxu vərdişlərinin formalaşdırılması və faydalı kitabların təşviqini həyata keçirmək olduğunu bildirib. O, Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatların nəzdində “Kitabsevərlər klubu”nun yaradılması ilə bağlı təklif səsləndirib.
“Qanun” nəşriyyatının təsisçisi və direktoru Şahbaz Xuduoğlu ölkə universitetləri içərisində ilk dəfə UNEC-də kitab sərgisi təşkil etdiklərini diqqətə çatdıraraq, bu ali təhsil müəssisəsinin kitab industriyası və oxu mədəniyyətinin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib. Naşir keçirilən tədbirin əhəmiyyətindən söz açaraq, təqdim olunan kitabın anlayaraq surətli oxumağın mümkünlüyündən bəhs etidiyini bildirib: “Surətli şəkildə oxumaq və anlamağın əsas yolu oxuduqlarının arxasınca qaçmaqdır. İnsan məqsədli şəkildə arxasınca qaçdığı hər şeyi əldə edə bilər və surətli oxu faydalı vərdişlər yaradır. Buna görə də kitab oxumaq özü bir xoşbəxtlikdir”.
“Qanun” nəşriyyatının tərcümə üzrə meneceri Aygün Əziz isə səmərəli tərcümənin əsas meyarlarından söz açıb.
Sonra UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Mütaliə vərdişləri və surətli oxu” mövzusunda maraqlı təqdimatla çıxış edib.
A.Abdullayeva UNEC-də “Surətli oxu” üzrə müsabiqəyə start verildiyini də diqqətə çatdıraraq, müsabiqənin şərtləri açıqlayıb. Bildirib ki, müsabiqəyə qatılmaq istəyən müəllim, əməkdaş və tələbələr mayın 26-dək qeydiyyat keçməlidirlər. İştirakçılara müsabiqənin keçiriləcəyi tarix barədə bildiriş göndəriləcək və müsabiqə zamanı onlara oxumaq üçün bir neçə dildə kitab seçimi təqdim olunacaq. 1 dəqiqə ərzində 500-dən çox söz oxuyan müsabiqə iştirakçıları sürətli oxucu hesab ediləcək.
Qeydiyyat linki: https://forms.office.com/r/5G7qxFeihT