Martın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin (“İTEFY”) təşkilatçılığı ilə “Azərbaycan 2016 Birinci Beyin Həftəsi” layihəsi həyata keçirilib. Layihənın məqsədi beyni doğru və effektiv istifadə etmək barədə ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətimizdə beyinə verilən önəmi artırmaqdır.
Bu məqsədlə UNEC-də TEDx konseptinə uyğun olaraq müxtəlif mövzularda təlimlər təşkil olunub.
UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Elşən Bağırzadə “Bilik təməlli qlobal kapitalizm” mövzusunda təlim keçib. Qlobal kapitalizmin meydana gəlmə səbəbləri, əsas inkişaf mərhələləri barədə məlumat verib.
UNEC-in müəllimi, marketinq üzrə mütəxəssis Ramil Cabbarov “Beyindəki Satın Al düyməsinin sirri” haqqında danışıb. Müasir elm sahəsi olan neyromarketinqin taktikalarını açıqlayıb.
Təlimçi Rasim Adjalov “Karyera və beyinarası əlaqə. Ferdi effektivlilik üsulları” mövzusu ilə çıxış edib.
Qeyd edək ki, hər il mart ayının 3-cü həftəsi dünyanın 70-ə yaxın ölkəsində qeyd olunan “Beyin Həftəsi” ölkəmizdə ilk dəfədir ki, keçirilib. Təlimlərdə UNEC, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Qafqaz Universiteti və ADA universitetinin tələbələri iştirak edib.