UNEC növbəti dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında keçirilən konfransa ev sahibliyi edib. Konfransın əsas müzakirə mövzusu UNİCEF-də: “Gənclərin terrorist təşkilatlarına qoşulmasının qarşısını almaq üçün təhsilin dəstəklənməsi” və Ümumdünya Səhiyyə Təşkilatı üzrə: “Qanunsuz narkotik ticarəti səbəbindən yaranan xəstəliklərlə mübarizədə üçün beynəlxalq əməkdaşlıq” olub.
Gənclər və İdman Nazirliyi ilə UNEC-in “UNEC Model UN” Klubunun birgə təşkilatçılığı ilə keçirilən konfrans ölkənin bütün ali təhsil müəssisələrində təhsil alan 100-dən artıq yerli və əcnəbi tələbəni bir araya toplayıb.
Simulyasiya konfransı zamanı formata uyğun olaraq tələbələr əvvəlcədən onlara verilən mövzular üzrə araşdırma aparıblar. 100 “nümayəndə” heyəti təmsil etdikləri ölkələrin iqtisadi durumu, səhiyyəsi, bu sahədə ortaya çıxan problemlərə münasibətlərini bildiriblər və onun həllinə dair tədbirlər planı hazırlayıblar. Digər tələbələr isə terrorizmlə mübarizədə təhsilin roluna dair fikirlərini ifadə ediblər. Sonda qətnamə qəbul edilib.
Gərgin müzakirə şəraitində keçən iki günlük konfransın iştirakçıları sertifikatlarla təltif edilib.UNİCEF komitəsinin ABŞ təmsilçisi Türkan Muxtarova, ÜST komitəsində isə Leyla Maqsud “Ən yaxşı təmsilçi” nominasiyası üzrə təltif edilib. “Ən yaxşı debatçı” kriteriyasında UNEC tələbəsi Məryəm Bababəyli və ADA universitetinin tələbəsi İrlan Şokulov fərqləniblər.
UNEC-in Rus İqtisadiyyat məktəbinin direktoru, dos. Mənsur Bərxudarov bildirib ki, bu formatda tədbirlər tələbələri bir araya toplayaraq, onları dünyada baş verən proseslərə cəlb edir, BMT-nin iş prinsipləri ilə yaxından tanış edir və bu sahədə peşəkar kadrların yetişməsinə töhfə verir.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Azər Abasəliyev MUN Azərbaycan hərəkatının inkişafından danışaraq konfransın gəncləri qlobal prosesləri daha yaxından izləməyə imkan yaratdığını qeyd edib.