Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın beynəlxalq rəqabətqabiliyyətliliyi və onun yüksəldilməsi yolları” mövzusunda elmi seminar keçirilib.
Seminarda son illərdə Azərbaycanın “Qlobal rəqabətqabiliyyətlilik Hesabatı”ndakı mövqeyi, ölkənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri və imkanları müzakirə edilib.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Rafail Rzayev Azərbaycanın beynəlxalq rəqabərqabiliyyətliliyinin müqayisəli təhlilinin nəticələri haqda məlumat verib. Məruzəçi qeyd edib ki, son illərdə Azərbaycan rəqabətqabiliyyətliliyinə görə MDB ölkələri içərisində ən yüksək mövqedə qərarlaşıb və hətta bir sıra inkişaf etmiş ölkələri də qabaqlayır. Ancaq orta və uzun müddətli dövr üçün ölkənin rəqabətqabiliyyətliliyinin yüksək olmasını və daha da yüksəlməsini təmin etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
Azərbaycanın beynəlxalq rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün innovasiyaların hərtərəfli təşviqinin zəruriliyi qeyd olunub. Göstərilib ki, rəqabətqabiliyyətliliyin yüksəldilməsi üçün ixrac potensialının artırılması birinci dərəcəli məsələdir. Bunun üçün isə ölkə iqtisadiyyatının klasterləşməsi və ölkənin qlobal təkrar istehsal zəncirlərinə qoşulması və bunun üçün transmilliləşmə mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Azərbaycanın beynəlxalq rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin yolları haqqında fikir mübadiləsi aparılıb.