UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı

25 İYUL 2017 | VIEWS:
2302

UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib.

Proqrama “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici – 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.

2017/18-ci tədris ilindən başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr MRU-də təhsil alacaqlar. 3-cü semestrdə UNEC-də təcrübə və tədqiqat, 4-cü semestrdə isə həm UNEC-də, həm də MRU-da tədqiqat və diplom müdafiəsində olacaqlar. Müdafiə işləri hər iki tərəfin iştriakı ilə “Skype” vasitəsi ilə aparılacaq Hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə UNEC-in müvafiq ixtisas üzrə diplomu və diploma əlavəsi ilə yanaşı, MRU-nun “Maliyyə Bazarları” ixtisası üzrə magistr diplomu ilə diploma əlavəsini də təqdim olunacaq.

Qeyd: MRU UNEC-in ikili diplom proqramı həyata keçirdiyi 4-cü Avropa İttifaqına üzv ölkənin universitetidir. Bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir.

MRU haqqında

Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universitetində 38 ölkədən təxminən 10 000 tələbə təhsil alır. Universitetin 2 fakültəsi Vilnüs və Kaunas şəhərində yerləşir. Universitetdə əcnəbi tələbələr üçün Sosial Elmlər sahəsində ingilis dilində bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil verilir. MRU Avropa Universitetləri Birliyi (EUA) və Beynəlxalq Universitetlər Birliyi (IAU) daxil olmaqla, müxtəlif dünya universitet təşkilatlarında fəaliyyət göstərir. MRU xaricdə 300-dən çox universitet, dövlət və özəl qurumlarla beynəlxalq əməkdaşlıq qurub.  

2303 1