Aprelin 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov ABŞ-ın Pensilvaniya Dövlət Universitetində geniş təqdimatla çıxış edib. UNEC əməkdaşının şəxsi təşəbbüsü ilə Təhsil Kollecinin Beynəlxalq Proqramlar ofisində təşkil olunan tədbir bu günlərdə cəbhədə baş verən hadisələrə dair həqiqətlərin çatdırılması məqsədi daşıyıb.
Ş.Bayramov təqdimatda son günlər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən təxribatçı hərəkətlər, Azərbaycanın mülki yaşayış məntəqələrinin iriçaplı silahlardan intensiv şəkildə atəşə tutulması və bütün hallarda Azərbaycan silahlı qüvvələrinin düşmənə layiqli cavab verməsi haqqında ətraflı məlumat verib. O, tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və işğal nəticəsində bir milyon insanın 20 ildən artıq müddətdə qaçqın və məcburi köçkün həyatı yaşaması barədə danışıb.
Ş,Bayramov münaqişənin həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uzunmüddətli danışıqlar prosesinin nəticəsiz qalması və Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra olunmamasını diqqətə çatdırıb. O, beynəlxalq hüquq normalarının bərqərar edilməsinə çalışan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququ çərçivəsində öz tarixi torpaqlarını azad etməyə hazır olduğunu bildirib.
Ş.Bayramov son günlər baş verən növbəti erməni təxribatının bütün məsuliyyətinin Ermənistanın üzərinə düşməsini, son hadisələrin Azərbaycan silahlı qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə olduğunu göstərməsini və erməni tərəfinin məsələ ilə bağlı dünya ictimaiyyətinə yanlış məlumatlar çatdırmasını xüsusi vurğulayıb.
Sonda Ş.Bayramov tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.