UNEC-də təşkil olunan tədbirdə “BERC Group”un direktoru Ruslan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti rektor, professor Ədalət Muradov və müvafiq struktur rəhbərləri ilə görüşüb.
Görüşdə rektor Ədalət Muradov “BERC Group”un direktoru Ruslan Məmmədovun məzunu olduğu universitetlə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edərək, məzunlarla universitet arasında əlaqələrin qurulmasının və əməkdaşlığın artırılmasının əhəmiyyətini vurğulayıb. Rektor UNEC-in iş dünyası ilə əlaqələri, tələbələrin istehsalat təcrübəsinin təşkili, staj keçməsi, məzunların məşğulluğu, startap hərəkatı və digər istiqamətlərdə universitetdə görülmüş işlər və qarşıda duran hədəflərdən danışıb.
UNEC-lə əməkdaşlıq etməkdən qürur duyduğunu bildirən “BERC Group”un direktoru Ruslan Məmmədov universitet və iş dünyası arasında əlaqələrin qurulmasının əhəmiyyətindən söz açıb.
Mümkün əməkdaşlıq istiqamətləri barədə müzakirələrdən sonra tərəflər arasında memorandumu imzalanıb. Memorandumda tələbə startaplarının inkişafı və dəstəklənməsi, Ömürboyu Təhsil Mərkəzi ilə birgə təlimlərin təşkili, tələbələrin təcrübə və staja cəlb edilməsi, magistrantların elmi-tədqiqat təcrübəsinə dəstək göstərilməsi, birgə layihələrin və tədqiqatların həyata keçirilməsi, “Karyera günləri”nin təşkili və digər istiqamətlərdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.