UNEC Startup İnkubatorun innovasiyalar üzrə mütəxəssisi İbrahim Gülmalıyev ABŞ-nin nüfuzlu Founder’s Institute akseleratorunun nəzdində olan “VC Lab”in təşkil etdiyi beynəlxalq “Venture Institute” proqramı və İRİA ilə “Code Academy”nin birgə əməkdaşlığı çərçivəsində innovasiya ekosistemi üzvlərinin beynəlxalq sertifikatlaşdırılma proqramına qəbul olub.
“Venture Institute” proqramına ilkin mərhələdə 1500 namizəd arasından 385 nəfər seçilib. “Global Innovation Institute” (GInI) sertifikatlaşdırma layihəsi çərçivəsində isə 50 iştirakçının 11 müxtəlif istiqamət üzrə sertifikatlaşdırılması planlaşdırılıb.
Venture Institute – VC Lab-ın təşkil etdiyi peşəkar təlim proqramı risk kapitalı sahəsində uğur qazanmaq üçün zəruri bilik və bacarıqları təmin edir. Proqramın hədəf auditoriyasına gələcək tərəfdaşlar, investorlar və sərbəst investorlar daxildir.
“Global Innovation Institute” isə innovasiya sahəsində peşəkar üzvlük, sertifikatlaşdırma və korporativ akkreditasiya xidmətləri təqdim edən beynəlxalq təşkilatdır. “CInI” sertifikatını əldə etmiş tələbələr innovasiya sahəsindəki əsas anlayışları və təcrübələri mənimsəmiş hesab olunurlar.