UNEC-in meqafakültələrinin dekan və katiblərindən ibarət nümayəndə heyəti Türkiyənin Uludağ Universitetinə ezam olunacaqlar.
Nümayəndə heyəti ilə görüşən rektor, professor Ədalət Muradov bildirib ki, UNEC-də idarəçiliyin təkmilləşdirilməsi, o cümlədən dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinin universitetdə tətbiqi məqsədilə katiblik institutu yaradılıb. Türkiyənin aparıcı universitetlərinin təcrübəsinə əsaslanan katiblik institutu rektorluq və fakültələr səviyyəsində inzibati və akademik idarəetməni bir-birindən ayırır. Bu isə bütövlükdə UNEC-də idarəetmənin səmərəliliyini artıraraq, tədris və elmi fəaliyyətin daha da önə çıxmasına şərait yaradacaq. Rektor katiblik institutunun fəaliyyətini təkmilləşdirmək məqsədilə meqafakültələrin dekan və katiblərinə Uludağ Universitetinin təcrübəsindən yararlanmağı tövsiyə edib. Bir həftə davam edən səfərin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.
Uludağ Universitetində təcrübə mübadiləsinə UNEC-in İqtisadiyyat, Maliyyə və mühasibat, Biznes və menecment fakültəsinin dekan və katiblərindən ibarət 7 nəfərlik nümayəndə heyəti qatılacaq.
Qeyd edək ki, bundan öncə UNEC-in Maliyyə departamenti, Daxili audit və İnsan resursları şöbələrinin rəhbərləri Türkiyənin Sakarya Universitetində katiblik institutunun öyrənilməsi ilə bağlı təcrübə mübadiləsində olublar.