Mərkəzin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsildə ilk dəfə olaraq TEC-in fəaliyyətinin qurulmasını çox əlamətdar hadisə adlandırıb. O, qiyabi təhsil alan tələbələrin elmi fəaliyyətinin aktivləşdirilməsinin mərkəzin qarşısında duran ən vacib vəzifələrdən olduğunu bildirib. Məhz bu istiqamətdə fəaliyyəti canlandırmaq üçün TEC-in mərkəz üzrə yaradılan özəyində elmi potensialı yüksək və elmi araşdırmalara maraqlı olan tələbələrin cəlb edilməsində mühüm addım adlandırıb. Mərkəz direktoru tələbələrə aparacaqları elmi tədqiqatların istiqamətləri və aktual mövzularla bağlı tövsiyələrini verib, yaxın zamanlarda TEC üzvü olan tələbələrin tədqiqat bacarıqlarını artırmaq məqsədilə təlim və master-klassların təşkil ediləcəyini bildirib.
Mərkəzin şöbə müdiri, UNEC TEC-in elmi rəhbəri, dosent Emin Qəribli elmin populyarlaşdırılmasına və tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edən “Science Slam” layihəsinin ölkədə ilk dəfə UNEC-də reallaşdırılması ilə bağlı iştirakçılara məlumat verib. Qiyabi tələbələrin UNEC-də reallaşdırılan bütün elmi tədbir və layihələrdə fəal iştirakının önəmini vurğulayıb.
DQƏTM-in direktor müavini, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova tələbələri təşəbbüskarlığa, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməyə səsləyib. Bildirib ki, UNEC-də istedadlı və elmi tədqiqat bacarığı yüksək olan tələbələrin aşkar edilməsi, onların tədris materiallarını dərin və yaradıcı şəkildə mənimsəməsi, elmi idrak metodologiyasına yiyələnməsi üçün bütün lazımi şərait yaradılıb. T.Kərimova tələbələri bütün bu imkanlardan yararlanmağa çağırıb.
Toplantıda UNEC-də ilk dəfə yaradılan DQƏTM TEC-in strukturu və tədbirlər planı müəyyənləşdirilib. IV kurs tələbəsi Nicat Muradlı açıq səsvermə yolu ilə özəyin sədri seçilib.