UNEC-in tələbələri şəhid Ağaəmi Heybətovun ailəsini ziyarət ediblər

15 YANVAR 2021 | VIEWS:
58

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Ağaəmi Heybətovun ailəsini və məzarını ziyarət ediblər.

THİK sədri Rüfət Süleymanlı və komitə fəalları şəhidin ailəsinə başsağlığı verərək, Ağaəmi Heybətovla fəxr etdiklərini bildiriblər. Şəhidlərimiz kimi, onların ailə üzvlərinin də hər birimiz üçün çox dəyərli olduğunu söyləyərək, belə qəhrəman övladlar böyüdən valideynlərin qarşısında baş əydiklərini deyiblər.

Görüşdə şəhidin bacısı Həliməxanım Heybətova qardaşı haqqında xatirələrini bölüşərək, Ağaəminin vətənpərvərliyi, xeyirxahlığı ilə yaxınlarının hörmətini qazandığını bildirib. Onun ali təhsil almaq üçün böyük məsuliyyətlə çalışdığını və  2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” ixtisasına qəbul olduğunu deyib. Tələbəlik illərində fəallığı ilə seçildiyi üçün  bir sıra sertifikatlarla təltif olunduğunu bildirib.

Universiteti bitirdikdən sonra hərbi xidmətdə olan A.Heybətov, həmin müddətdə Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə isə ailəsi 4 il sonra, şəhid olduqdan sonra xəbər tutub. A.Heybətov sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmək üçün ailəsindən xəbərsiz orduya yazılaraq, könüllü şəkildə cəbhəyə yollanıb. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərən məzunumuz oktyabrın 16-da Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ağaəmi Heybəov oktyabrın 25-də yaşadığı Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, Ağaəmi Heybətovun ömür yolu hər bir gənc üçün örnəkdir, onun əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.

Sonra tələbələr şəhidin məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

*

https://news.unec.edu.az/xeber/105-telebe/7051-unec-in-telebeleri-shehid-agaemi-heybetovun-ailesini-ziyaret-edibler

59 1