Layihə çərçivəsində UNEC-ə 2024-2025-ci tədris ilində qəbul olmuş Prezident təqaüdçülərinin təəssüratlarını və gələcək hədəflərini oxucularla bölüşəcəyik.
Layihənin ilk müsahibi Nicat Şirinovdur. Nicat Sumqayıt şəhər 39 saylı məktəbi qırmızı attestatla bitirib. O, qəbul imtahanında 692.8 bal toplayaraq, Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (tədris ingilis dilində) ixtisasına qəbul olub.
Nicat təəssüratlarını bizimlə bölüşüb.
“Prezident təqaüdünə layiq görülmək həmişə mənim üçün bir hədəf olub. Bu adı qazanmağın çətinliyini dərk etsəm də bu, mənim iradəmi və motivasiyamı heç vaxt qırmayıb. Hər zaman əzmlə bu məqsədə çatmaq üçün çalışmışam. Əlbəttə ki, bu qədər əziyyətdən sonra Prezident təqaüdçüsü olduğumu eşidəndə keçirdiyim əsas hisslər qürur və rahatlıq hissi idi. Xəbəri ilk öyrəndiyim anda valideynlərimlə bölüşdüm. Onların mənimlə qürur duyması mənim sevincimi daha da artırdı. Öz potensialımdan xəbərdar idim, amma yenə də bu qədər yüksək nailiyyət qazanmağım mənə sürpriz oldu.
Uğurumun əsas sirri uşaq yaşlarımdan oxumağa, öyrənməyə marağımın olması, çoxlu mütailə etməyimdir. Özünəinam, ailəmin və yaxınlarımın dəstəyi mənə uğur qazanmağımda böyük motivasiya oldu. Ali məktəblərə hazırlaşanlara tövsiyəm odur ki, gələcəklərini öz maraq dairələrinə uyğun qursunlar, seçəcəkləri peşəyə maraqları olsun.
Hədəfim universitetin sosial həyatında fəal iştirak etmək, yeni biliklərə yiyələnmək, ixtisasım üzrə özümü inkişaf etdirmək, UNEC-in yaratdığı bütün imkanlardan yararlanmaq, sahəm üzrə beynəlxalq sertifikatlara sahib olmaq və uğurlu karyera qurmaqdır”.