Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılan Yunus Sosial Biznes Mərkəzi ilə Malayziya, Yaponiya, Tayland, Çin və Tayvanda yerləşən Yunus Sosial Biznes Mərkəzlərinin nümayəndələri arasında virtual görüş keçirilib.
UNEC-in Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Kazimov, departamentin əməkdaşı Turan Süleymanov və HUMAN Fondunun (HUMAN Foundation) təsisçisi Fəridə Əsgərzadənin iştirak etdiyi görüşdə növbəti il üçün fəaliyyət planı və müxtəlif ölkələrdə yerləşən Yunus Sosial Biznes Mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda Tokio Universitetində keçiriləcək Sosial Biznes Konfransı haqqında da fikir mübadiləsi aparılıb.
Daha sonra Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları DigiLink şirkətinin yaradıcılarından olan Julien Verzier ilə şirkət və UNEC-də yerləşən Yunus Sosial Biznes Mərkəzi arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.