UNEC-in Zaqatala filialında “Açıq Qapı” günü keçirilib.
Müəllim, tələbə, valideyn və KİV nümayəndələrinin iştirak etdiyi görüşdə filialın direktoru, professor Orucəli Rzayev bildirib ki, “Açıq qapı” günü tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm vasitədir. Valideyinlərin, eləcə də ictimaiyyət nümayəndələrinin imtahan prosesini sərbəst izləməsi, rəy, təklif və iradlarını bildirməsi sessiya dövründə obyektivliyin və şəffaflığın təmin edilməsinə zəmin yaradır. Qarşıya çıxan problemlər operativ olaraq həll edilir.
Ümumi fənlər kafedrasının müdiri, dosent Həqiqət Qədimova 2016/17-ci tədris ilinin yaz sessiyasının mütəşəkkil şəffaf və obyektiv şəraitdə keçirilməsi üçün görülən hazırlıq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, yay imtahan sessiyası iyunun 2-dən 22-dək davam edəcək.
Görüşdə çıxış edən valideyinlər Həsən Orucov, Arzu Muradova övladlarının yüksək səviyyədə təhsil aldıqlarını bildirərək, imtahanların ictimaiyyətə açıq keçirilməsindən razı olduqlarını bildiriblər.