UNEC kollektivi şəhidinin məzarı başında: Səninlə qürur duyuruq!

01 APREL 2017 | VIEWS:
4161

Martın 31-də aprel döyüşlərində şəhid olan UNEC məzunu Tural Dadaşovun xatirəsi anılıb.

Biznes və menecment fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Tural Dadaşovun məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə əklil qoyaraq, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Fakültə dekanı, dosent Mirağa Əhmədov bildirib ki, şəhid Tural Dadaşov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medal ilə təltif edilib. “Bu, bizim şəhidimizə verilən yüksək dəyərdir” deyən dekan Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın tez bir zamanda düşmən tapdağından azad olunacağına inandığını bildirib.

Tural Dadaşovun anası Kəmalə Dadaşova oğlunun qorxmazlığından, vətənsevərliyindən danışıb, onunla fəxr etdiyini bildirib.

T.Dadaşovun müəllimləri, tələbə yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Turalın çalışqan, dərslərinə məsulliyətlə yanaşdığını, fakültənin ictimai həyatında fəal iştirak etdiyini və kollektivin dərin hörmətini qazandığını bildiriblər. Çıxış edənlər Turalın hər bir azərbaycanlı üçün bir örnək olduğunu və onlarla fəxr etdiklərini vurğulayıblar. Şəhidlərin əziz xatirəsini daim əziz tutacaqlarını qeyd ediblər.

4162 1