UNEC-lə Trento universiteti arasında razılıq əldə edilib

30 SENTYABR 2016 | VIEWS:
1753

İtaliyanın Trento Universitetinin rektoru, professor Paoli Kollini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bakı şəhərində keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində ölkəmizə səfər edən rektor yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirdə iştirakından məmnunluğunu bildirib.

Qloballaşan dünyada multikultiralizm və davamlı inkişaf aspektlərinin, insanların rifahı naminə texnologiyalardan istifadə olunması məsələlərinin müzakirə olunduğu V Beynəlxalq Humanitar Forumun bu istiqamətdə əhəmiyyətli töhvə verəcəyini qeyd edən UNEC rektoru, professor Ədalət Muradov universitetlərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin artan nüfuzundan söz açan professor Kollini bu il UNEC-in QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə ən yaxşı 4-cü iqtisadyönümlü ali təhsil müəssisəsi seçilməsi faktının əhəmiyyətini qeyd edərək, rəhbərlik etdiyi universitetin bütün istiqamətlərdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə bu ildən etibarən tələbə və müəllim mübadiləsinin, həmçinin Erasmus+ kimi beynəlxalq proqramlar çərçivəsində əməkdaşlığın başlanması haqda razlılıq əldə edilib.

Qeyd edək ki, Trento Universitetində 16000-dən çox tələbə təhsil alır. Universitetdə 1200-dən çox professor və tədqiqatçı çalışır, 10 fakultə, 3 təhsil və tədqiqat mərkəzi, 5 kitabxana, 1 dil mərkəzi, 60 tədqiqat laboratoriyası, 3 idman mərkəzi fəaliyyət göstərir. Ali məktəbdə ingilis dilində 11 doktorantura və 18 magistr proqramının tədrisi həyata keçirlir.

1754 1