Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi, Marketinq və Kommunikasiya Departamentinin marketinq üzrə mütəxəssisi Ramil Cabbarov Kanadanın Vankuver şəhərindəki Britaniya Kolumbiya Universitetinin (UBC) sertifikatını qazanıb. Dünyanın ən nüfuzlu universitetlərinin online kurslarının cəmləndiyi edx.org saytında təşkil edilən proqramda marketinq ixtisası üzrə spesifik mövzular tədris edilib.
Dünya QS reytinqində 50-ci yerdə olan universitetinin tədris proqramı 6 həftə davam edib. Tədris marketinq sahəsində xüsusi nüfuza malik ekspertlər, UBC Sauder Biznes Məktəbinin professorları Darren Dahl və Paul Cubbon tərəfindən aparılıb.
Marketinq mühiti, rəqabətqabiliyyətlilik, marketinq tədqiqatları, seqmentasiya və mövqelənmə, dəyər təklifi, məhsul və qiymət siyasəti, brendləşmə, marketinq kommunikasiya, sosial media, trendlər kimi mövzuların əhatə olunduğu proqramda iştirakçıların mənimsəmə dərəcəsi həm test, həm də araşdırma yazısı ilə aparılıb. 12 test mərhələsinin və araşdırma yazısının nəticəsinə əsasən, R.Cabbarov 97%-lik nəticə ilə universitetin sertifikatına layiq görülüb.