Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dos. Şahin Bayramov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “2015-ci il Qlobal Liderlik Forumu”nda (Global Leadership Forum 2015) iştirak edib.
ABŞ Dövlət Departamenti və Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən təşkil olunan tədbirə 100-ə yaxın ölkədən 170-dən artıq nümayəndə qatılıb.
Forumda ABŞ-ın müxtəlif dövlət qurumlarının nümayəndələri, qabaqcıl universitetlərin professorları və böyük şirkətlərin rəhbərləri tərəfindən liderlik, qərar qəbuledilməsi, danışıqlar aparılması, mədəniyyətlərarası dialoq, müasir qlobal çağırışlar, qlobal iqlim dəyişiklikləri və qlobal iqtisadi inkişaf mövzularında mühazirələr oxunub. Çoxsaylı seminar və dəyirmi masalar keçirilib.
Tədbirdə iştirak edən Ş.Bayramov Forum çərçivəsində Beynəlxalq Təhsil İnstitutu, Dünya Bankı, Minilliyin Layihəsi və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşüb.