UNEC QS beynəlxalq reytinq şirkətinin mükafatı ilə təltif edildi

06 İYUL 2021 | VIEWS:
99

Quacquarelli Symonds (QS) beynəlxalq reytinq şirkətinin regional direktoru Sergei Khristoliubov UNEC rektoru professor Ədalət Muradovla görüşüb.

Görüşdə S. Khristoliubov UNEC-in beynəlxalq QS reytinqində əldə etdiyi uğuruna görə rektor Ədalət Muradovu təbrik edib. UNEC-in ilk dəfə olaraq dünya universitetlərinin reytinq cədvəlinə daxil olması münasibətilə QS-in mükafat və sertifikatını rektora təqdim edib.

QS rəsmisi UNEC-in 2015-2021-ci illər ərzində QS reytinq təşkilatının sıralamasında mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universiteti olduğunu diqqətə çatdıraraq, bir çox indikator üzrə UNEC-in göstərdiyi nəticələri yüksək qiymətləndirib. UNEC-in Azərbaycan ali təhsil brendi olaraq dünyada artan imicindən bəhs edən qonaq bu nailiyyətlərin QS tərəfindən təşkil edilən akademik və işəgötürənlər arasında keçirilən reputasiya anketlərində də əks olunduğunu vurğulayıb.

Bildirilib ki, UNEC həm “Akademik reputasiya”, həm də “İşəgötürənlər arasında reputasiya” indikatorları üzrə dünyanın ən yaxşı 501+ universitetləri sırasında qərarlaşıb. Həmçinin, UNEC son 5 ildə yüksək təsir faktorlu məqalələrinin və istinadlarının sayında da çox böyük nailiyyətlər əldə edib. UNEC-in akademik heyətinin məqalələrinin böyük qisminin xarici akademik və tədqiqatçılarla birgə nəşr olunduğu, elmi əsərlərinin təxminən 1/3 hissəsinin beynəlxalq partnyorlarla birgə tədqiqatın nəticəsi olaraq çap edildiyi müsbət qiymətləndirilib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7658-bold-red-unec-gs-beynelxalg-reyting-shirketinin-mukafati-ile-teltif-edildi-bold-red

100 1