UNEC şəhidlərini ehtiramla yad edir: Məzdək Eyvazlı

26 FEVRAL 2021 | VIEWS:
352

UNEC kollektivi Vətən mharibəsində şəhid olun UNEC məzunu Məzdək Eyvazlının məzarını ziyarət ediblər.

Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan vəzifəsini icra edən dos. Elman Cəfərov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri prof. Rövnəq Rzayev, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə 2017-ci ildə məzun olmuş şəhid Məzdək Eyvazlının atası Əli Eyvazovla birlikdə Lökbatan qəsəbəsinin Şəhidlər xiyabanında onun məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhidin ailəsinə baş çəkən UNEC kollektivi Məzdəkin anası Gülnarə xanımdan oğlu haqqında xatirələri dinləyiblər. Məzdəkin mehriban, sakit, vətənpərvər bir övlad olduğunu deyən ana, oğlunun doğum gününün 26 fevral Xocalı soyqırımı gününə təsadüf etdiyindən heç vaxt özünə ad günü qeyd etmədiyini bildirib. Onun vətənini həmişə hər kəsdən əziz tutduğunu söyləyən Gülnarə xanım, evin tək oğlu olan Məzdəkin Vətən müharibəsi başlayan kimi yalnız atasına məlumat verərək cəbhəyə yollandığını deyib. Dostlarının, qrup yoldaşlarının Məzdəkin əziz xatirəsini əbədiləşdirmək üçün yaşadığı həyətdə bulaq abidəsi yaratdıqlarını bildirib.

Professor Rövnəq Rzayev və dosent Elman Cəfərov Məzdək kimi qəhrəman oğul böyütdüyü üçün valideynlərinə təşəkkürlərini bildirərək, onun tələbəlik illərindən yaddaqalan hadisələri bölüşüblər. Məzdəkin tərbiyəli, savadlı, çalışqan bir tələbə olduğunu çatdırıblar.

Görüşdə şəhidin ailəsinə UNEC-in Fəxri Fərmanı təqdim edilib.

Məzdək Eyvazlı

Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə  Bakı şəhərində anadan olub.

2002-2013-cü illərdə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbdə orta təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq səfərbərliyə qeydiyyata yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılan Məzdək Eyvazlı bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə yollanıb. 29 oktyabrda Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Məzdək Eyvazlı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

*

https://news.unec.edu.az/xeber/105-telebe/7195-unec-shehidlerini-ehtiramla-yad-edir-mezdek-eyvazli

353 1