Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Səmti müəyyən etmə” idman növü üzrə növbəti açıq respublika çempionatında iştirak ediblər.
UNEC-in “İqtisadçı” idman klubunun məşqçi-müəllimi Qəzənfər Cəfərovun keçirdiyi məşqlərin nəticəsi olaraq universitetin tələbələri yarışda fəxri fərmanla təltif olunublar.
Şabran rayonunun Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında keçirilən növbəti açıq respublika çempionatında 14 komanda olmaqla 250-dək idmançı iştirak edib. İdmançılar “Elit”, “Open” və “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə mübarizə aparıblar. Yarışda Latviya, Gürcüstan, Türkiyə və Ukraynadan da idmançılar iştirak edib. Yarış idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.