UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllim və tələbələrinin birgə məqaləsi Web of Science (Emerging Sources Citation Index) bazasına daxil olan “Economic and Social Changes: Facts, Trends, Forecast” jurnalında dərc olunub.
“Modeling Renewable Electricity Production in Azerbaijan” (Azərbaycanda bərpa olunan elektrik enerjisi istehsalının modelləşdirilməsi) başlıqlı məqalədə ISE-nin dördüncü kurs tələbələri Emin Rüstəmli və Rəvan Məmmədli, eləcə də müəllim İbrahim Niftiyev Azərbaycanda bərpa olunan elektrik enerjisi istehsalının xətti modelləşdirilməsini icra ediblər. Elmi məqalə Azərbaycanda yaşıl enerjinin bərqərar olmasında əhəmiyyətli rol oynayan iqtisadi, institusional və siyasət tədbirlərinin 1990-2021-ci illər arasındakı dinamikasını ekonometrik üsulla tədqiq edir. Hazırda Azərbaycan iqtisadiyyatında baş verən sürətli enerji keçidi və universistetlərin də bu prosesə marağının olması belə bir elmi məqalənin ərsəyə gəlməsinə səbəb olub. Məqalə öz yanaşması və nəticələri ilə dövlət siyasəti, qərar verənlər, eləcə də universitetlərin akademik heyətləri üçün faydalıdır. Məqalə ingilis və rus dillərində jurnalın rəsmi səhifəsində nəşr olunub.
Elmi tədqiqat Dayanıqlı İnkişafın 7 (Sərfəli və Təmiz Enerji) və 13-cü (İqlim Dəyişikliyinə Qarşı Mübarizə) məqsədlərini də əhatə edir.