Əbədi tələbəmiz – İlqar Əbilhəsənov

18 YANVAR 2017 | VIEWS:
4585

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 20 Yanvar faciəsində həlak olan şəhidlərini ehtiramla yad edir…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 138 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin iki tələbəsi faciə zamanı şəhid olub.

Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda dünyaya gəlib.

İlqar haqqında qardaşı Yavər Əbilhəsənov danışır:

– Ailədə beş uşaq idik, İlqar sonbeşiyimiz olub. Çox dəcəl və xeyirxah uşaq idi. Nəsimi rayon 42 saylı orta məktəbi bitirdi. Həmin məktəb bu gün onun adını daşıyır. Hərbi xidmətə yollandı. Qayıdandan sonra Xalq Təsərrüfatı İnstitutuna qəbul olundu. Əyani təhsil alırdı. Ailəmizdə hamı hərbçidir, atam da, mən də. O da bizə bənzəmək istəyirdi. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəldi. Bu sahəyə sırf forma geyinmək üçün keçdi, çox istəyirdi ki, “paqonları” olsun…

– Hadisə baş verən zaman iş başında idi?

– Bəli. O vaxt Yasamal rayon milisində serjant idi. İki il idi çalışırdı. V kursda oxuyurdu. Növbəsinin bitməyinə lap az qalmış, gecə 12 radələrində yaralanıb… Hadisə baş verəndə mən Naxçıvanda iş başında idim. Xəbəri aldım… Yollar bağlı idi, təyyarə ilə özümü çatdırdım. Güllə qara ciyərini dağıtmışdı. Əməliyyat beş saatdan çox çəkdi, qara ciyərini götürdülər… Şəhərdə vəziyyət çox gərgin idi. İlqarı əməliyyat edən günü xəstəxananın işıqlarını da kəsmişdilər. Həkimlər qəzetləri yandırıb əməliyyatı onun işığında edirdilər.Əməliyyatdan sonra iki gün yaşadı, amma ağır idi, həkimlər ümid vermirdi… Halsız idi, heç nə danışa bilmirdi. Sonuncu günü isə… Anam, atam, bütün ailə yanında idik. Halsız vəziyyətdə uzanmışdı. Onda danışdı…

– Nə dedi?

– Bircə kəlmə dedi ki, “məni bağışlayın, mən getdim”. Onu deyib, keçindi… Başqa söz deyə bilmədi… Biz uzunömürlü nəsilik. Babalarım yüzdən çox ömür yaşayıblar. İlqarın dərdi isə valideynlərimi həyatdan tez apardı. Son günlərinə kimi hər həftə Şəhidlər Xiyabanına gedirdilər… İndi isə balalarımız gedir. Əmiləri ilə fəxr edirlər. Mən isə gedə bilmirəm. Gözümün qabağında böyüyən uşağın məzarına baxa bilmirəm. Yadıma uşaqlığı gəlir… Çox dəcəl idi, elə hey ora-bura qaçırdı. Elə bil harasa tələsirdi. Sanki hər şeyi 22 ilə sığışdırmaq istəyirdi, amma sığışdıra bilmədi…Vətənini çox sevirdi…

– Ailəli idi?

– Yenicə nişanlanmışdı. Yayda, məzun olan kimi toyunu edəcəkdik. Faciədən sonra uzun müddət nişanlısı matəm saxladı. Sonra ailə qurdu və övladına İlqarın adını verdi. Bu günə qədər də ailəmizlə əlaqə saxlayır…

4586 1