Keyfiyyətli təhsil almaq hər kəsin hüququdur. Ancaq təəssüf ki, bəzi hallarda əlilliyi olan şəxslər üçün imkanların qıtlığı təhsilin əlçatanlığına xələl gətirir.
AzEdu.az Təhsil Portalı olaraq universitetlərdə əlilliyi olan şəxslər üçün yaradılan şəraitlə bağlı ali məktəblərə sorğu ünvanladıq.
Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirildi ki, universitetdə təhsil alan 30-a yaxın sağlamlıq imkanları məhdud tələbə üçün xüsusi yanaşma tətbiq olunur:
“Təhsilin bütün mərhələlərində mühazirə və məşğələlərdə qruplarda tələbələrlə birgə iştirak etməklə onların universitet mühitinə inteqrasiyası, tədris infrastrukturunun onlar üçün əlçatanlığının təmin olunması, onların maneəsiz hərəkəti üçün lazımi şəraitin yaradılır. BDU-da bu qəbildən olan tələbələr üçün laboratoriyalarda fərdi və kollektiv istifadə üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə zamanı, texniki və psixoloji kömək göstərmək məqsədilə könüllü tələbələrdən assistentlər ayrılır, onlar yaradıcı kollektivlərdə və idman seksiyalarında iştiraka cəlb edilir, tədris korpuslarına maneəsiz daxil olmaq üçün xüsusi məhəccərlər, tutacaqlar, panduslar və s. təmin olunur. Eyni zamanda, onlara imtahan sessiyası dövründə şifahi qaydada imtahanlarda iştirak etmək üçün şərait yaradılır”.
Azərbaycan Universitetinin mətbuat xidmətindən verilən məlumata əsasən, universitetdə hazırda 2, 3 və 4-cü kurslarda fiziki məhdudiyyətli, I və II dərəcə əlilliyi olan 10 tələbə təhsil alır:
“Onların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Şəxsi müraciətləri əsasında inklüzivliyin təmin olunmasına xüsusi diqqət yetirilir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, 2023/2024-cü tədris ilində universitetdə Vətən müharibəsi zamanı əlillik dərəcəsi almış 80-ə yaxın tələbə olub:
“UNEC-də inklüziv xidmət təkcə əlilliyi olan tələbələr üçün deyil, eyni zamanda cinsi oriyentasiya dəyişmiş olanlar, bullinqə məruz qalanlar, narkomaniyaya, eləcə də digər zərərli vərdişlərdən əziyyət çəkənlər, psixi narahatlıqları olanlar və digərləri üçün verilir.
Bundan əlavə qeyd edək ki, bəzi tələbələrdə fiziki cəhətdən görünməyən xəstəliklər olduğuna görə, dəqiq sayı mütəmadi rast gəldikcə öyrənə bilirik. Keçən il bu qəbildən olan tələbələrin sayı 200-dən çox olub.
Mərkəzin çalışma mexanizmi əvvəlcə siyahını toplayır, daha sonra tələbə rektor və təşkilatlarının rəhbərləri ilə görüşüb, çalışma planını hazırlayırıq. Həssas kateqoriyadan olan tələbələri mütləq təşkilatlara yönəldirik. Könüllü təşkilatla sıx əlaqə saxlayırıq.
Qanunvericiliklə, tədris sisteminin təşkili ilə əlaqədar müxtəlif görüşlər və tədbirlər keçiririk. Eyni zamanda QHT-lərlə birgə çalışaraq, ildə ən az 4-5 dəfə əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilər keçiririk. Bu sərgilərdə satışlar da olur. İmtahanlarda görmə məhdudiyyətli tələbələr üçün könüllü oxucu təşkil olunur. Çünki imtahanlarda digər proqramlardan istifadə qadağandır. Əgər tələbələr həyəcan keçirirsə, psixi narahatlığı varsa, mərkəzin özündə xüsusi şərait altında imtahandan keçirlər.
Görmə məhdudiyyətinin dərəcəsinə uyğun bəzən tələbələr nə yazılı, nə də test üsulundan istifadə edə bilmirlər. Bu zaman onlar üçün zəruri halda şifahi imtahan götürülür. Həmçinin UNEC-in İnklüziv mərkəzi Karyera mərkəzi ilə də sıx əlaqə saxlayır. Əlilliyi olan tələbələr də digərləri kimi seminarlarda, treninqlərdə iştirak edərək, sertifikatlar əldə edirlər.
Karyera mərkəzi işəgötürənlərlə də əlaqələr saxlayır. Tələbələrin CV-ləri onlara yönləndirilir. Burada təhsil səviyyəsi çox yüksəkdir. Hətta, ikili diplom proqramları çərçivəsində müxtəlif xarici universitetlərə əlilliyi olan tələbələri göndəririk. Təəssüf ki, işəgötürənlər əlilliyi olan şəxsləri işə götürüb, onları işlə təmin etməyə çox da açıq deyillər. Düşünürlər ki, bu gənclərin əqli qabiliyyətləri də zəifdir, amma bizdə çox nümunələr var ki, əlilliyi olan tələbələr zəkaları ilə fərqləniblər.
Qeyd edək ki, UNEC-də bu kateqoriyadan olan tələbələr üçün istənilən formada materiallar da yaradılır. Mühazirələrdə müəllimlər mütəmadi olaraq audio-mühazirələr də hazırlayırlar. Artıq UNEC-dəki bütün dərsliklərin audio-materiala çevrilməsi ilə bağlı layihə də öz işinə başlayıb”.
Lənkəran Dövlət Universitetindən (LDU) bildirildi ki, universitetdə əlilliyi olan tələbələr üçün xüsusi imkanlar yaradılıb, hazırda bu kateqoriyadan 2 tələbə təhsil alır:
“Cəmiyyət hər bir fərdə inklüziv yanaşma tələb etməklə yanaşı, həm də hər kəsdən xeyirxahlıq, yaxşılıq hisslərinin, humanizmin qorunmasını, təbliğini tələb edir. Bu məqsədlə Lənkəran Dövlət Universitetində əlilliyi olan tələbələr üçün imkanlar yaradılmışdır. Universitetimiz bu sahədə yerli və Avropa təcrübəsindən geniş istifadə edir.
Avropa ittifaqının maliyyələşdirdiyi Xəzər Universitetinin koordinator olduğu və Lənkəran Dövlət Universitetinin tərəfdaş olduğu ESFİDİP (Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması) TEMPUS qrant layihəsi çərçivəsində Xəzər Universiteti, Lodz Universiteti, Makedoniya Universiteti, Qraz Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi və Əlil Təşkilatları İttifaqının nümayəndələri birgə bu sahədə əməkdaşlıq etmişlər. Layihə çərçivəsində Lənkəran Dövlət Universitetində “Əlil tələbələr üçün mərkəz yaradılmış”, mərkəz müasir avadanlıqlarla təchiz edilmiş, əlillərin tədris alması məqsədiylə 2 saylı tədris binasında onlar üçün panuslar, lift qurşdırılmış və digər lazımi avadanlıqlarla təchiz edilmişdir.
“Əlilliyi olan tələbələr üçün Mərkəz”in fəaliyyəti sağlamlıq imkanları məhdud tələbələrə aid məsələləri təşkil və idarə etməkdən ibarətdir. Mərkəzin əsas funksiyası əlilliyi olan tələbələrə təhsildə dəstək olmaq üçün onları məlumatlar və xidmətlərlə təmin etməkdən ibarətdir.
Universitetdə gözdən əlil tələbələr üçün tədrisin təşkili məqsədi ilə ixtisaslaşdırılmış rəqəmsal laboratoriya fəaliyyət göstərir və o laboratoriya müasir rəqəmsal avadanlıqla təchiz edilmişdir”.
Xəzər Universitetindən sorğumuza cavab olaraq bildirildi ki, bu il universitetə 9 nəfər fiziki məhdudiyyətli tələbə daxil olub:
“Ötən illərdə qəbul olunmuş tələbələrlə birlikdə hər biri üçün universitetdə xüsusi şərait yaradılıb”.
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirildi ki, universitet yeni tədris ilinə hazırlıq işlərini tamamlamaq üzrədir. 2024-cü il sentyabrın 13-də yeni qəbul olunmuş tələbə və magistrantlar üçün Oriyentasiya Günü keçiriləcək. Hazırda universitetdə 2 fiziki məhdudiyyətli tələbə təhsil alır:
“Onlardan biri görmə əngəlli, digəri isə yerimə məhdudiyyətlidir. Onların MDU-nun hazırkı tədris binalarında onların hərəkəti üçün müəyyən nişanlar və panduslar yerləşdirilməyib. Lakin, tədrisdə iştirak etmələri üçün universitet əməkdaşları tərəfindən onlara hər cür dəstək göstərilməkdədir.
Bildiyimiz kimi universitetin yeni kampusunun tikintisi davam etməkdədir. Orada fiziki məhdudiyyətli təhsilalanlar üçün hər cür şərait nəzərdə tutulub”.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda AzTU-da fiziki məhdudiyyətli tələbə yoxdur:
“Gələcəkdə təhsil alacaq fiziki məhdudiyyətli tələbələr üçün xüsusi şəraitin yaradılması ilə bağlı müzakirələr aparılır”.
Qərbi Kaspi Universitetinin (WCU) mətbuatından verilən məlumata əsasən, universitetin infrastrukturunda fiziki məhdudiyyətli tələbələrin gəliş-gedişi üçün müvafiq şərait yaradılıb:
“Qərbi Kaspi Universitetinin əsas məqsədlərindən biri kampusda təhsil alan və işləyən əlilliyi olan tələbələr, müəllimlər və əməkdaşların akademik proqramlaşdırmada və universitet həyatının bütün digər sahələrində tam iştirak edə biləcəkləri mühit yaratmaqdır. Qərbi Kaspi Universiteti sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər imkanlar və dəstək təmin etmək öhdəliyinə sadiqdir. İnanırıq ki, hər kəs ali təhsil almaq imkanına malik olmalı və bütün tələbələrin inkişaf edə biləcəyi inklüziv mühit yaratmağa çalışmalıdır.
Eyni zamanda universitet daxilində bu cür şəxslərin rahat hərəkət etməsi üçün müvafiq infrastruktur qurulub: panduslar, liftlər və s.
Eyni zamanda universitet daxilində bu cür şəxslərin rahat hərəkət etməsi üçün müvafiq infrastruktur qurulub: panduslar, liftlər və s.