600-dən yüksək bal toplayan abituriyentlər UNEC-də

22 MAY 2017 | OXUNUB:
864

Dövlət İmtahan Mərkəzinin II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarından 600-dən yüksək bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və akademik Zərifə Əliyeva adına liseyin şagirdləri UNEC-də olublar. Onları 700 bal toplayan Cavad Əliyev müşayiət edib.

C.Əliyev Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində regionun ən yaxşı 200, iqtisadyönümlü 4-cü universiteti haqda abituriyentlərə məlumat verib. Əsasən ingilis dilində təhsil almaq istədiklərini bildirən abituriyentlərə bildirilib ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində interaktiv metodlarla təşkil olunan dərsləri dünyanın aparıcı universitetlərinin məzunları tədris edir. Burada dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili həyata keçirilir. Tələbələr UNEC-in  beynəlxalq mübadilə proqramlarında da iştirak edə bilir.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev abituriyentləri maraqlandıran suallara cavab verib. UNEC-in dünyanın qabaqcıl univeristetləri olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın Monpelye Universiteti ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, UNEC tələbələrə Avropanın hər iki nüfuzlu universitetinin bakalavr diplomunu əldə etmək şansı yaradır. 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına 100 manat məbləğində əlavə təqaüdün verilməsi abituriyentlərin xüsusi marağına səbəb olub. Onlara məlumat verilib ki, UNEC-də imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə də ikinci əlaçı təqaüdü verilir.

UNEC-in tələbə rektoru Şahin Həsənov abituriyentlərə UNEC-in tarixi, beynəlxalq əlaqələri, İnnovativ Biznes İnkubator, kitabxana və Yaradıcılıq Mərkəzi barədə ətraflı məlumat verib. UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb.

Elektron Universitet Modeli ilə tanış olan gənclər ilk dəfə auditoriyada əyləşmək sevincini də yaşayıblar. Onlara bildirilib ki, UNEC-də dərslər və imtahanlar ictimaiyyətə açıq keçirilir. İxtisas seçməzdən öncə istədikləri dərsdə dinləyici kimi əyləşə bilərlər. Abituriyentlər Beynəlxalq İqtisadiyyat Məktəbinin dərs cədvəli ilə tanış olaraq, ixtisas seçimindən öncə dərslərdə iştirak etmək istədiklərini bildiriblər.

865 1