700 bal toplayan tələbə: UDİD hər iki arzumu reallaşdıracaq

27 SENTYABR 2017 | OXUNUB:
605

Arzu2017/18-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib.

Arzu Məmmədzadə 2000-ci il sentyabrın 17-də Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyini fərqlənmə ilə bitirib. Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alan Arzu Məmmədzadə ilə müsahibəni təqdim edirik.

- Arzu sizi təbrik edirik, imtahanlarda 700 bal toplayaraq UNEC tələbəsi adını qazanmısınız. Bu nəticəni əldə etmək bir çox abituriyentlərin arzusudur. 700 bal toplamağın sirrini bölüşməyinizi istərdik.

- Ən yüksək nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. Məktəbdə də bütün dərsləri yaxşı oxumağa çalışırdım. İstəyirdim ki, qiymətlərim 5 olsun. Son iki ildə II qrup üzrə fənlərə üstünlük verməyə çalışdım.  Həmin müddətdə sosial şəbəkələrdən, televiziya, telefondan istifadə etmədim. Əksər abituriyentlər kimi mənim də məqsədim 700 bal toplamaq idi. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi və valideynlərimin dəstəyi böyükdür. Sirrə gəlincə, onu deyə bilərəm ki, yüksək bal toplamaq üçün iradəli, məqsədli olmaq  və  çox çalışmaq lazımdır.

- 700 bal toplayacağınızı gözləyirdiniz?

- Sınaqlar imtahanlarında həmişə iştirak edirdim. Nəticələrdən də görünürdü ki, yüksək bal yığacağam. 700 bal yığmasam da 650 və ondan bir az yüksək bal toplayırdım. İmtahanda həyəcanlanacağımı düşünürdüm. Amma keçən il bacım da imtahanlarda yüksək nəticə əldə edərək Dövlət İdarəçilik Akademiyasına qəbul oldu. O, imtahanda heç həyəcanlanmadığını dediyi üçün mən də özümə söz verdim ki, onun kimi olmalıyam.

- Universitet seçimindən öncə bir neçə ali məktəbdə, o cümlədən UNEC-də oldunuz. Bu tanışlıq səfərləri seçiminizə təsir etdimi?

- Əlbəttə! Universitet seçimimdən əvvəl digər universitetlərlə oldum. UNEC-də isə həm də hazırda təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbinin dərslərində iştirak etdim. Dərslərin keyfiyyətli tədrisi, Elektron Universitet Modelinin tətbiqi, imtahanların yazılı aparılması məni daha çox cəlb etdi. Bir də elə ilk gündən UNEC komandasının məni doğma qarşılaması. Yuxarı kurs tələbələri çox mehriban və səmimi idilər. Onlardan məni narahat edən bütün sualların cavabını ala bilirdim. Bütün bunlar da ali təhsil almaq üçün üstünlüyü UNEC-ə verməyimə səbəb oldu.

- UNEC tələbəsi kimi təəssüratlarınızı bölüşməyinizi xahiş edərdik…

- Təəssüratlarım gözlədiyim kimi çox yaxşıdı. Dərslər maraqlı və əhatəli tədris olunur. Tədris tam olaraq elektronlaşdırılıb, şəxsi kabinetimizdən dərs cədvəlini, mühazirələri asanlıqla əldə edirik. Mən xüsusi olaraq mentorların fəaliyyətini qeyd etmək istəyirəm. Hər hansı bir çətinliyimiz yaranarsa, onlar bizə böyük dəstək olur, məsləhətlər verir, universitet həyatına adaptasiya olmağa yardım edirlər. İngilis dilini daha yaxşı mənimsəmək üçün hər həftə birinci kurslar üçün “Conversation club” fəaliyyət göstərir. Fakültəmizin 4-cü kurs tələbəsi Faiq Xasıyev dil bacarıqlarımızı inkişaf etdirməyimiz üçün bizimlə universitetdə ingilis dilində danışıqlar aparır.

- UNEC-in beynəlxalq proqramlarında iştirak etməyi düşünürsünüzmü?

- Bəli, düşünürəm. UNEC dünyanın aparıcı universitetləri ilə beynəlxalq mübadilə proqramı həyata keçirir. Bu fürsətdən maksimum yararlanmağı düşünürəm. Daha çox Fransadan CEFAM, Türkiyədən isə ODTÜ (Orta Doğu Teknik Universiteti) ilə tədrisimi davam etdirmək istəyərdim.

- UNEC-də start verilən UDİD proqramı ilk dəfə olaraq sizin fakültədə tətbiq olunacaq. Maliyyə ilə yanaşı, digər bir ixtisasa da sahib olmaq istərdinizmi?

- Bəli, çox istərdim. Düşünürəm ki, bu bizim üçün böyük şansdır. Əslində ixtisas seçimimdə biznesin idarəolunması ilə maliyyə ixtisası arasında tərəddüd edirdim. UDİD isə hər iki arzumu reallaşdıracaq. Buna görə də çox sevinirəm!

- Fakültənizdəki bütün tələbələr qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Onlarla rəqabət aparmaq çətin deyil ki?

- Doğrudur, tələbə yoldaşlarımın hamısı çox savadlı və bacarıqlıdır. UNEC-in xüsusi təqaüd proqramında iştirak etmək üçün tələbələr arasında çox güclü və sağlam rəqabət aparılır. Hər birimiz “top 15”liyə düşmək üçün bilik yarışına çıxmışıq. İntahanlarda ən yüksək bal toplayan tələbə UNEC-in xüsusi təqaüdünü qazanır. Əminəm ki, layiq olan qazanacaq.

*

Prezident təqaüdçüləri

Cavad Əliyev – 700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm (19.09.2017)

606 5