700 bal toplayan tələbə: Ehtiyac duyulan mütəxəssis olmaq istəyirəm

19 SENTYABR 2017 | OXUNUB:
1122

Cavad2017/18-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib.

UNEC tələbəsi adını qazanan Cavad Əliyevlə müsahibəni təqdim edirik.

Cavad Əliyev 2000-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. Dəyanət Vəqfi Bakı Türk liseyini bitirib. 9-cu sinifdə oxuyarkən coğrafiya fənni üzrə olimpiadada qızıl medal qazanıb. Məktəbi isə qızıl medalla bitirib.

Hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır.

- Cavad sizi təbrik edirik, imtahanlarda 700 bal toplayıb, Prezident təqaüdünə layiq görülüb, UNEC tələbəsi adını qazanmısınız. Qəbul imtahanında II qrup üzrə ən yüksək nəticə göstərən 2 abituriyentdən birisiniz. Bu uğurun formulunu necə açıqlayardınız?

- Əslində xüsusi bir formul yoxdur. Eyni qaydada həm çalışmaq, həm də istirahət etmək lazımdır. Dərs zamanı müəllimləri diqqətlə dinləyirdim, heç bir hazırlığa getməmişəm. Gündəlik dərslərimi hazırlayandan sonra təbii ki, istirahət edirdim. Mənim üçün istirahət yuxu rejimimin tam olması və intellektual oyunlarda iştirak etməkdir. Fikrimcə, intellektual oyunlar beynin davamlı hərəkətdə olması üçün çox effektivdir.

- İqtisadçı olmaq həvəsi necə yarandı?

- Seçimimə daha çox fənlərin təsiri olub, yəni II ixtisas qrupundakı fənləri daha çox sevdiyim üçün bu qrupa hazırlaşdım. Həm də qəti olaraq həkim və hakim olmağı düşünmürdüm.

- Universitet seçimindən öncə UNEC-də olmanız seçiminizə təsir etdi?

- Təbii ki. UNEC-də ingilis dilində tədrisin olması, imtahanların yazılı keçməsi, elektron universitet modeli, təqaüd proqramları mənim seçimimdə böyük rol oynadı. UNEC-in imtahanlarda yüksək nəticə göstərən tələbələr üçün təsis etdiyi xüsusi təqaüd proqramları bizə çox böyük motivasiyadır. UNEC-in verdiyi imkanlar bunlarla bitmir. Tələbələr 4 il ərzində iki ixtisas qazanmaq şansı da əldə edə bilirlər. Bu da əmək bazarında işlə təmin olunmağımız üçün UNEC-in məzunlarına verdiyi böyük şansdır. Universitetin beynəlxalq əlaqələri də çox genişdir. Avropanın, Türkiyənin nüfuzlu universitetləri ilə mübadilə proqramlarında iştirak etmək, bizə UNEC-lə yanaşı, onların da diplomlarını əldə etmək imkanı verir. 4 ilə 2 ixtisas və 2 diplom! Regionun ən böyük iqtisadyönümlü universitetini seçmişəm və düzgün seçim etdiyimdən əminəm.

- Dərslər artıq başlayıb. Təəssüratlarınız necədir?

- Çox yaxşı. Dərsə davamiyyət, tədris hamısı elektronlaşdırılıb, bu əlavə vaxt itkisinin qarşısını alır. Dərslərimiz ingilis dilində keçirilir. Bəzi tələbələr var ki, onlar bir az çətinlik çəkir, amma müəllimlər bu çətinliyi öz izahları ilə aradan qaldırırlar. Fakültədə mentorlar da bizə çox böyük dəstək olurlar, hər hansı bir sualımız yaranarsa onlara müraciət edirik. UNEC rektoru Ədalət Muradovla 2 dəfə görüşdüm. Birinci dəfə 700 bal toplayan Arzu Məmmədzadə ilə birlikdə, daha sonra 600-dən yüksək bal toplayan tələbələrlə birlikdə. Bu görüşlər məndə çox müsbət təəssürat yaratdı. Rektor bizə dəyərli tövsiyələr verib, universitetin ictimai-sosial həyatında aktiv olmağa çağırdı.

- Gələcək planlarınız barədə də danışardınız…

- Yüksək ixtisaslı kadr kimi yetişmək, işimin peşəkarı və hər zaman ehtiyac duyulan mütəxəssis olmaq arzusundayam.

1123 1