UNEC, Qərbi Azərbaycan İcması və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Rəssamlar İttifaqının V.Səmədova adına sərgi zalında baş tutan tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, millət vəkilləri, sənət adamları və universitetlərin nümayəndələri iştirak ediblər.
Sərgini giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tədbirin əhəmiyyətindən danışaraq, rəssam Əli İsmayıl Əliyevin yaradıcılıq uğurlarını yüksək qiymətləndirib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərov belə sərgilərin Qərbi Azərbaycana qayıdış ideyasının təbliğində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, rəssam bu mövzuya həsr olunmuş çoxsaylı iri kompozisiyaların müəllifidir, eyni zamanda elmi yaradıcılıqla məşğul olur və bu istiqamətdə bir neçə kitabın müəllifidir.
Millət vəkili Ülviyyə Həmzəyeva çıxışında rəssamın əsərlərində Vətənə bağlılıq, yurd həsrəti və dekorativ üslubun imkanlarının yüksək səviyyədə ifadə olunduğunu bildirib.
Sənət araşdırıcısı və rəssam Rafael Gülməmmədli isə Əli İsmayıl Əliyevin yaradıcılığında mövzu və üslub müxtəlifliyini qeyd edərək, bu əsərlərin müasir dövr üçün aktuallığını və Azərbaycan incəsənətində xüsusi yer tutduğunu vurğulayıb.
Sərginin açılışında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, İttifaqın katibi Ağəli İbrahimov, millət vəkilləri Hikmət Babaoğlu, Ülviyyə Həmzəyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Yekunda çıxış edən rəssam Əli İsmayıl Əliyev ona göstərilən diqqət və dəstəyə görə UNEC rəhbərliyinə, təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.
Sərgidə nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.