“Enactus UNEC” komandası Azərbaycanı dünya çempionatında təmsil edəcək

08 AVQUST 2017 | VIEWS:
2690

UNEC tələbələri “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanıblar.

“Enactus Azərbaycan” XII Milli Yarışının yekun nəticəsinə əsasən birinciliyə layiq görülən UNEC komandası dünya kubokunun sahibi olmaq üçün 36 ölkənin təmsilçisi ilə mübarizə aparacaq. “Enactus” proqramı üzrə qaliblər innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti, təşkilatçılıq və digər meyarlar əsasında müəyyən edilir.

Tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirmək məqsədi daşıyan “Enactus” beynəlxalq proqramının final mərhələsində Azərbaycan təmsilçiləri üç biznes layihə ilə yarışacaqlar. Sentyabrın 26-da Londonda keçiriləcək yarışda “Proboard” (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi və botanik kafenin yaradılması) və “Misgər” (Sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcəklər.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi və İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət komanda bu proqramda iştirak etməklə həm də dünya gənclərinin biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılan platformaya qoşulmuş olacaqlar. 

Qeyd edək ki, Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılmış və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilmişdir. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulmuş, Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Dünya üzrə “Enactus” proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən çox tələbə qoşulmuşdur.

2691 1