Karyera Mərkəzi təqdim edir: “İdeal karyeranı necə qurmalı”

19 FEVRAL 2016 | OXUNUB:
766

UNEC-in Karyera Mərkəzi fevral ayından başlayaraq Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova

Giriş

İş – həyatımızın ən vacib elementlərindən biri sayılır. Səhər tezdən yuxudan oyanarkən, yataqdan bizi gözləyən çətin problemlər düşüncəsi ilə sıçramalıyıq. Lakin bizlərdən neçə nəfər ofisə daxil olarkən qarşıda bizi gözləyən günün həyəcanından titrəməyə başlayır? Əminik ki, çox deyilik.

Bu kitab kimin üçün nəzərdə tutulub

Bu kitab əldə etdikləri nailiyyətlərə baxmayaraq öz karyeralarının aktiv surətdə yüksəltmək istəyənlər üçündür. Bizim məqsədimiz sizin imkanlarınızın daha yaxşı harada reallaşdırmağınızı müəyyən etmək və bir işdən digərinə keçməklə arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaqdır. Siz möhkəm dayağa malik, karyeraya başlama arzusunda olan və tam məşğulluğunuzu təmin edəcək ilk ciddi iş axtarışında olan məzun ola bilərsiniz. Bu halda necə əmin olmaq olar ki, siz öz cəhdlərinizi doğru istiqamətdə yönləndirəcəksiniz?

Siz şəxsi inkişafın və korporativ məsuliyyətin növbəti mərhələsinə keçməyə cəhd göstərən yüksək vəzifəli bir rəhbər ola bilərsiniz. Siz hal-hazırkı iş yerində hər bir şeyi öyrəndiyini hiss edən və lazım olan işi axtaran bir şəxs də ola bilərsiniz. Siz çətin məsələlər axtarışı ilə başa düşürsünüz ki, sizin karyeranız əyləncəli bir macəradır.

Yəqin siz hiss edirsiniz ki, karyeranızı doğru olmayan yoldan başlamısınız və onu dəyişmək istəyirsiniz. Siz dərk edirsiniz ki, bazar ertəsi yorğanın altında gizlənməklə günü yox olmağa məcbur edə bilməzsiniz. Sizin şəxsi bacarıq və cəhdlərinizi nəzərə almaq və əsasından başlamaqla biz sizi elə bir iş şəraiti axtarışına ruhlandırmaq istəyirik ki, enerjinizi tükətən deyil, artıran olsun. Həmçinin biz sizə ideal iş təsəvvürünə yaxın olan yeni vəzifənizi müəyyən etməyə kömək etmək istərdik.

Əgər hal-hazırda işləmirsinizsə biz ümid edirik ki, bu kitab iş axtarmaqda sizə yeni ideya və motivasiyalar təklif edəcəkdir. Məqsədimiz bilikli insanların əsas keyfiyyətlər haqqında olan təsəvvürlərini- vacib olan vərdişlər, münasibətlər və yanaşmaları diqqətinizə çatdırmaqdır ki, sizə işlə əlaqədar imtina və ya “hal-hazırda vakansiya yoxdur” kimi sözləri eşitmək yerinə iş müqaviləsi təklif etsinlər. 

Məsləhət

Geniş əlaqələrə malik olan şəxslərin ki, iş axtarma səyləri daha müvəffəqiyyətlidir. Həqiqətən də dostlar, qohumlar, keçmiş iş yoldaşları, məktəb yoldaşları, qonşular vəs. kimi geniş əlaqələrə sahib olan insanlar iş tapmaqda daha az çətinliklərlə rastlaşacaqlar.

Ömürlük iş?

Sizə istədiyiniz işi tapmaqda köməklik edən vərdişlərin inkişafı başqa dövrlərlə müqayisədə günümüzdə daha aktualdır. Ömürlük iş mövcud deyil. İndi bir iş yerində 50 il işləyərək qızıl saatla mükafatlandırılan nə qədər insan var? Ümumiyyətlə varmı?

İnsan resursları və işədüzəltmə üzrə mütəxəssislər tez-tez işçi və işəgötürən arasında bağlanan “psixoloji müqavilə”ni qeyd edirlər. Keçmişdə belə müqavilə (kağızda yazılandan daha çox ruhi vəziyyəti əks etdirən) işəgötürənin işçi üzərində diqqəti,uzunmüddətli iş yeri ilə təmin etməsi və onun rifahı naminə ata qayğısını nəzərdə tuturdu. Öz növbəsində isə işçi illər boyu o müəssisədə işləməklə, hətta bəzi hallarda isə ömür boyu işəgötürənə sadiq qalır.

Artıq hər şey dəyişmişdir. İndiki dinamik bazarda dünənki müvəffəqiyyətli şirkət sabah ölmüş dinozavra çevrilə bilər və beləcə işəgötürənlər tabeçiliyində olan insanların sabit karyeralarına zəmanət vermək imkanında deyil. Eləcə də işçilər bilmirlər ki, onların iş yerləri daim saxlanılacaqdır. Onlar həmçinin gözləmirlər ki, onların maraqları bir şirkət vasitəsi ilə təmin olunsun və ehtiyac və arzularının dəyişməsinə bağlı olaraq bir şirkətdən digərinə keçmək imkanlarını nəzərdən keçirirlər. Belə bir vəziyyət təşkilatlar və orada işləyənlər arasında yeni tip münasibətlərin inkişafına təkan verdi. İşəgötürən, vəzifənin tam ehtiyacı təmin etdiyi və bazar ehtiyacınının olduğu müddətə qədər təlim və inkişaf daxil olmaqla iş yerinin ayrılması öhdəliyini öz üzərinə götürür. Bununla belə onlar nəyin bahasına olursa olsun işçinin işəgötürənin yanında daim qalacağını qabaqcadan şərt olaraq qoşmurlar. Başqa sözlə onlar vəzifələrini mövcud təşkilatın “işçi qüvvəsi” olduqları müddətə kimi səylə yerinə yetirəcəklər.

İşçilər də həmçinin əmək bazarını izləmək və müxtəlif təlim kursları keçməklə öz biliklərinin müasir tələblərə cavab verdiyinə dair zəmanət verməlidir. Öz məqsədini və yeni imkanlarını həyata keçirmək üçün yeni işə keçmə strategiyası isə hamı tərəfindən qəbul olunmuş özünü inkişafın bir hissəsidir.

Bu cür qeyri-sabit şərait iş dəyişmə zamanı narahatçılıqlarla müşahidə olunsa da cəzbedici ola bilər. Çünki, bir işdən daha yaxşı olan digər bir işə keçmək imkanı əldə edilir. Artıq siz darıxdırıcı olan eyni iş rejimindən əziyyət çəkməyəcək və kofe avtomatınının yanında eyni sifətləri görməyəcəksiniz. Yeni şərait sizə istədiyiniz iş həyatını qurmaq imkanlarını vercəkdir.

Axtaran tapar: “peşəkar muzdlular”

Bu günkü əmək bazarında daha çox müvəffəqiyyət əldə edən insanlar “peşəkar muzdlular”dır. Bizim nöqteyi-nəzərimizdə “peşəkar muzdlular” – təklif edilən imkanlar və mükafatlara bağlı olaraq bir təşkilatdan digərinə keçən, bir neçə işədüzəlmə variantlarından əminliklə ən pozitiv olanını seçən müstəqil agentlərdir. Onlar özlərinə sadiq qalmaqla, “muzdlu” olaraq birinci yerdə öz tələblərini görürlər. Bununla belə onlar indiki işəgötürənin yanında bacardıqları qədər  keyfiyyətli xidmət göstərirlər. Belə bir yeni çevik sistemdə işçi və işəgötürən hər biri öz faydalarını götürmüş olur. Müəyyən mənada isə işəgötürən muzdlu işçinin müştərisinə çevrilir. 

Məsləhət

Uyğun bir zamanda bir işdən digərinə keçən “muzdlular” dərk edirlər ki, karyeralarının inkişafına özləri cavabdehlik daşıyır. O halda yaxşı olur ki, əgər hansısa işəgötürən onların karyera tələblərini tam təmin etmiş olsun.

Siz əsl “muzdlu” olmaqla, istədiyiniz halda əmək fəaliyyətinizi ömür boyu bir təşkilatda keçirə bilərsiniz. Lakin “muzdlu” əmək bazarını izləməklə sabahkı imkanların nə olacağını bilməli, eləcə də gələcəkdə tələb olunacaq bilikləri yorulmadan təkmilləşdirməlidir.

Bu kitab vasitəsi ilə biz necə müvəffəqiyyətli “muzdlu” olmağı izah etməyə çalışacağıq. Bunun üçün sizin sərt və aqressiv olmağınız vacib deyil. Lakin siz arzularınıza çatmaqda inadkar və uzaqgörən olmalı olacaqsınız.

Bir çox insanlar üçün müvəffəqiyyətli karyera birdən baş verən hadisə deyil. O insan ki, öz seçimini uğur və sağlam düşüncəyə dayanaraq edirsə o zaman işindən istədiyini əldə etmiş olur. Karyeranın bu cür qurulması sizin nə təklif etmənizdən və işəgötürənin sizdən nə gözlədiyini doğru dəyərləndirməkdən asılıdır. Yeni və uyğun mövqeni tutmaq üçün səylə axtarışlarda olmaq və dəqiq planlaşdırma çox vacibdir. Həmçinin bir az hövsələyə də ehtiyac duyulacaqdır. Məsələn: fərz edək ki, siz bir şirkətdəki sıravi menecerlik vəzifənizi başqa şirkətdəki marketoloq vəzifəsinə dəyişirsiniz. Daha doğrusu siz bunu iki mərhələdə etmiş olacaqsınız. Əvvəlcə vəzifənizi, daha sonra şirkətinizi və ya tərsinə. 

Risk və imkanlar

İş axtaran namizədlərə kiçik xəbərdarlıq. İş dəyişmə zamanı müəyyən dərəcədə risk labüddür. Belə bir məsəl var: bilinən bəla, bilinməyəndən daha yaxşıdır. Sizin rəhbərinizin çatışmayan cəhətləri ola bilər, lakin bunların nə olduğunu və necə öhdəsindən gəlməyi siz yaxşı bilirsiniz. Yeni işəgötürən hər nə qədər siz onu diqqətlə seçmiş olsanız belə müəmmalı insandır. Mümkündür ki, sizin köhnə rəhbərinizin sizi qıcıqlandıran vərdişləri olmuşdur. Bəs yeni rəhbərinizin necə? Pis halda, yeni işə keçdiyiniz zaman qəfil iqtisadi bir çalxalanma olacağı təqdirdə siz mövcud təcrübənin qurbanı olacaqsınız: “sonuncu qəbul olunan ilk azad olunur.”

Hər bir namizəd bunu nəzərində saxlamalıdır. Bununla belə siz yeni işə keçmək imkanlarını da rədd etməməlisiniz. İmkanlar hər zaman risklərlə bağlıdır. Məsələnin mahiyyəti ondadır ki, effektiv karyera inkişafı, riskin və perspektivin tam və sağlam düşüncəli olaraq dəyərləndirilməsini tələb edir. Belə bir dəyərləndirmə zamanı yeni işə keçmənin müsbət tərəflərini maksimal şəkildə istifadə etməklə mənfi tərəflərini minimuma endirə bilərsiniz. Nəhayət sizin köhnə iş yerindəki vəziyyətiniz sevimli müdirinizin vəzifədən getməsi ilə əlaqədar olaraq riskli ola bilər. Belə ki, sizin bilikləriniz köhnələ bilər və ya məhsuldarlığınız azala bilər.

İş axtarma probleminin həlli

Bəzi insanlara digərlərinə nisbətən yeni iş axtarmaları daha çətindir. Məsələn, yaş həddi ilə əlaqədar ayrı-seçkilik buna misal ola bilər. Namizədlər onlara düşən imkanları daha real olaraq dəyərləndirməlidirlər. Lakin bu onlara verilən rədd cavabını qaçılmaz nəticə olaraq qəbul etmək mənasına gəlmələlidir. Sadəcə olaraq yaşlı namizədlərə öz niyyətlərində daha hiyləgər olmaları vacibdir. Yəqin ki, siz müvəqqəti işi daimi işə aparan yol olaraq nəzərdən keçirməmisiniz. Elə isə niyə də yox? Bəzi işəgötürənlər namizədlərə elan edilən vakansiya ilə əlaqədar rədd cavabı verə bilərlər, lakin onların uzunmüddətli təcrübələrindən faydalanaraq qısamüddətli işlərə götürmək niyyətində ola bilərlər.

Sizə təklif olunan müvəqqəti işə başladıqdan sonra qəfildən işəgötürən sizin daimi olaraq bu işdə qalmağınızın faydalı olacağını dərk edəcəkdir. İş axtarma ovuna çıxmaq namizəd üçün hər nə qədər risklidirsə, bir çox ərizələrin arasından bu işdə bacarıqlı və maraqlı ola biləcək işçini tapmağa cəhd göstərən işəgötörən üçün də bir o qədər risklidir.

Mütəxəssis məsləhəti

Bu kitabın hazırlanmasında biz təkcə öz təcrübəmizə deyil, bir müəssisədə iş təklifi ilə çıxış edən işəgötürmə üzrə daxili mütəxəssislərin və eləcə də onun xaricində, işəgötürmə agentliklərində işləyən mütəxəssislərin təcrübələrinə arxalandıq. Biz peşəkarlardan – insan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislər, işəgötürmə üzrə məsləhətçilər və işçi seçimində iştirak edən rəhbərlər arasında geniş sorğu keçirdik. Biz kiçik və iri şirkətlərdən, müxtəlif biznes sahələrindən informasiyalar əldə etdik.

Bizi əsasən rezyume (CV) və müşaiyət məktubları ilə əlaqədar mütəxəssislərin fikirləri maraqlandırırdı. Biz təşəbbüs müraciətlərinin vacibliyini qeyd etməklə müəyyən etdik ki, neçə mütəxəssis kadr seçimində testlərdən istifadə edir və müsahibə zamanı hansı xüsusi amillər onları namizədin “lehinə” və ya “əleyhinə” köklənməsinə məcbur edir. Biz həmçinin işçi seçimi zamanı yüksək əmək haqqı tələbinin məqsədəuyğunluğunu və yaş ayrı-seçkiliyi kimi həssas məsələləri və onunla necə mübarizə aparılmasını da  tədqiq etdik. Bizim tədqiqatların nəticələri  kitabın müvafiq bölmələrində yerləşdirilmişdir ki, biz onlara “bizim tədqiqatlar”, “bizim sorğu” və ya “sorğu edilmişlər” anlayışları adı altında istinad edirik.

Həmçinin kitabın yazılmasında biz müxtəlif sahələrdə ixtisaslaşmış digər işəgötürmə üzrə mütəxəssislərin də tədqiqatlarına da əsaslanmışıq. Tədqiqatımızın, mütəxəssislərin təqdimatının və təcrübəmizin nəticələri olaraq meydana gələn məsləhətlər, bu günkü işəgötürmə üzrə mütəxəssislərin müsbət və mənfi meyllərini müasir şəkildə özündə əks etdirir. Yekun olaraq bu kitab sizə iş axtarılmasında vacib olan bilik və təcrübənin, və ideal işin əldə edilməsində qiymətli və əvəzolunmaz vəsait olacaqdır.

Məsləhət 

Biz kitabımızda müəyyən konsepsiyalar, ideya və təkliflər irəli sürərürük ki, bu da sizə iş axtarılması ilə əlaqədar köhnə problemlərə başqa aspektdən baxılmasına və yeni yanaşmalarla nəzərdən keçirməkdə köməklik edəcəkdir.

Sizə yeni enerji mənbəyi vermək məqsədi ilə kitaba sənaye və maliyyə sahəsindən başlayaraq idman və keterinq xidməti sahəsində öz damğalarını vurmuş məhşur insanların məsləhətlərini daxil etmişik. Ümid edirik ki, bu məsləhətlər uzun-uzadı iş axtarışında olan və ya karyera durğunluğu yaşayan hər kəs üçün ilham qaynağı olacaqdır.

İlk əvvəl  ümid edirik ki, bu kitab karyeranızdan nə gözlədiyinizi və ideal karyeranı necə təsəvvür etdiyinizi dərk etməyə məcbur edəcəkdir. Əgər indiki iş şəraitiniz ehtiyaclarınızı təmin etmirsə, ümid edirik ki, uyğun olan işi axtarma imkanında olduğunuzu hiss edəcəksiniz.

“Peşəkar muzdlu” olmaq qarşımızda duran əsas vəzifədir. Yaşınızdan və təcrübənizdən asılı olmayaraq siz karyeranızda sıçrayış edəcək və bu ölü nöqtədən hərəkət edəcəksiniz.

(Ardı var)

767 1