Karyera Mərkəzi təqdim edir: “İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi”

06 MAY 2016 | OXUNUB:
1334

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Bəzi iş axtaran insanların maraqları işədüzəltmə şirkətləri ilə qarşılıqlı əlaqə vasitəsi ilə təmin edilə bilər. Bu halda siz karyera qurulması üçün məlum mənbələrə çıxa bilər və əmək bazarında mütəxəssislərin təcrübəsindən istifadə edə bilərsiniz.

İşədüzəltmə agentliklərinin xidmətindən niyə görə istifadə etməli

Əgər siz iş axtarışına ciddi olaraq köklənmisinizsə, o zaman hər hansı bir kadr agentliyinə müraciət etməyiniz vacibdir. Həqiqətən də bunu etməsəniz çox sayda vakansiyanı əldən vermiş olacaqsınız. Çünki, vakansiyaların çox hissəsi işədüzəltmə şirkətlərinin əllərində cəmləşmişdir.

Məsləhət

İşədüzəltmə üzrə mütəxəssislər əmək bazarı haqqında qiymətli məlumat və məsləhət mənbəyidirlər. Onlar sizə yeni iş yerində alacağınız əmək haqqı səviyyəsi haqqında məlumat verə bilərlər. Həmçinin onlar sizin hansı bacarıqlarınızın işəgötürən üçün cəzbedici olmasını məsləhət görə bilərlər. Bundan başqa siz tərcümeyi-halınızın tələblərə cavab verib-vermədiyini onlardan öyrənə bilərsiniz.

Vakansiyalarla əlaqədar müraciət edərkən məsləhətçilər sizə şirkət haqqında məlumatlarla təmin edə bilər. Vakansiyalarla əlaqədar xidmətin xərcini müştəri-şirkət ödədiyi üçün bu xidmətlər sizin üçün pulsuz olacaqdır.

İşədüzəltmə şirkətləri iş üslubu və vakansiya tiplərinə görə fərqlənirlər. Buna görə də hər hansı bir agentliyin xidmətindən istifadə edərkən onun sizə uyğun olduğundan əmin olun.

İşədüzəltmə dünyası: “beyin ovçuları”, məsləhət şirkətləri və agentlikləri

Əvvələr müxtəlif işədüzəltmə şirkətləri arasında açıq-aydın fərqlər mövcud idi. Üst təbəqədə “peşəkar ovçuları” adlanan, “beyin ovçuları” şirkətləri (head hunter) və ya idarəetmə üzrə mütəxəssislərin seçimi üzrə məsləhətçilər dururdu. Belə şirkətlər vakansiyaları heç vaxt elan etmirdilər. Onlar fəaliyyətlərini yüksək vəzifələrin üzərində cəmləşdirirdilər. Bu məqsədlə onlar xüsusi insanlar vasitəsi ilə axtarış və tədqiqatlar apararaq bir-birinə rəqib şirkətlərdə və digər təşkilatlarda işləyən müvafiq namizədlərin müəyyən etməyə çalışırdılar.

Bunların ardından məsləhət şirkətləri gəlirdi. Bu təşkilatların vasitəsi ilə müştəri-şirkətlər öz vakansiyalarını kütləvi informasiya vasitələrində elan edirdilər. Öz növbəsində məsləhətçilər vakansiyaya cavab verən namizədlər ordusunun içindən son siyahını tərtib edirdilər. Daha sonra onlar müştəri-şirkətə vakant vəzifəyə kimin götürülməsi mövzusunda məsləhətlər verməklə onlar tərəfindən verilən “kadr məsləhətçisi” xidmətini əsaslandırmış olurdular.

Sonuncu yerdə isə işədüzəltmə şirkətləri idi ki, onlarda sadəcə iş axtaran insanların bazası mövcud idi. Lakin məsləhət xidmətinə çox az yer verirdilər.

Müasir zamanda isə bu tip təşkilatlar arasında fərq demək olar ki, aradan qalxmışdır. “Beyin ovçuları” bəzi vakansiyalar üçün namizədlər tapmaq üçün mütəmadi elanlar verirlər. Anoloji olaraq bəzi işədüzəltmə şirkətləri bəzi top-menecer vakansiyaları üçün namizəd axtarışı ilə məşğul olurlar. Namizəd axtarışı və seçimi ilə məşğul olan bir çox şirkətlər də vakansiyalara verilən cavablar əsasında öz bazalarını yaratmış olurlar. Bununla belə bəzi işədüzəltmə agentlikləri elanlar verməklə və təhlillər aparmaqla namizəd seçimini həyata keçirirlər.

Sizə uyğun olan şirkətin seçilməsi

Sizin üçün işədüzəltmə şirkətinin seçimi, verilən vakansiyaya cavab verməklə müəyyən edilir. Əgər siz ciddi olaraq iş axtarışı ilə məşğul olursunuzsa və elan edilən müxtəlif vakansiyalara eyni anda cavab verirsinizsə o zaman böyük ehtimalla siz bir neçə agentliyin bazasına daxil olacaqsınız.

Lakin siz şirkətlə bilavasitə danışmaq istəyirsinizsə,əvvəlcədən doğru insanları seçdiyinizi yoxlamalısınız. İlk olaraq sizin fəaliyyət göstərdiyiniz sahədə ixtisaslaşmış və əmək bazarında uğurlu layihələr həyata keçirmiş şirkəti tapmaq vacibdir.

Seçim etməyin ən yaxşı üsulu bu təşkilat vasitəsi ilə öz iş yerlərini dəyişmiş tanışlardan tövsiyyələrin alınmasıdır. Bu cür tövsiyyələrin verilməsi mümkün olmadıqda, bu sahə üzrə ixtisaslaşmış peşəkar mətbuata göz gəzdirmək vacibdir. Bundan başqa bu şirkətlər haqqında məlumatları özündə cəmləşdirən müxtəlif kataloqlar da mövcuddur.

Uyğun olan şirkəti müəyyən etdikdən sonra orada işləyən məsləhətçilərə iş axtarışı ilə əlaqədar müəyyən sualların verilməsi lazım gələcəkdir. Məsələn:

  • Şirkət sizin fəaliyyət göstərdiyiniz sahədə ixtisaslaşıbmı?
  • Burada əsasən hansı səviyyədə vəzifə vakansiyaları mövcuddur?
  • Onların əməkdaşlıq etdiyi şirkətlərdə əmək haqqının orta səviyyəsi nə qədərdir?
  • Son zamanlar şirkət hansı təşkilatlarla işləmişdir?
  • Onların hansı ilə eksklüziv şərtlərlə işləmişdir?
  • Şirkət ayda nə qədər insanı işlə təmin edir?
  • Namizədlərin neçə faizi üç aylıq sınaq müddətini keçə bilir?

Şirkət özü haqqında məlumat verərkən və X, Y və Z şirkətləri ilə işlədiyini qeyd edirsə hər şeyə sağlam şübhə düşüncəsi ilə yanaşmağa çalışın. Bir çox iri şirkətlər orta səviyyəli vəzifələri doldurmaq üçün eyni anda bir neçə şirkətlərin xidmətindən istifadə edir. Müraciət etdiyiniz şirkətdən  hər hansı bir şirkətlə kadr seçimi üzrə müstəsna hüququn verilməsinə dair müqavilənin olub-olmadığını soruşmaq yerinə düşərdi.

Hətta siz şirkətdən işə düzəltdiyi insanlarla görüşmək arzusunda olduğunuzu da söyləyə bilərsiniz. Lakin şirkətin əməkdaşları sizin bu arzunuza ehtiyatla yanaşa bilər. Bununla belə onlar iş tapdıqları insanların onlar haqqında verdikləri müsbət rəyləri sizə təqdim edə bilərlər.

Neçə kadr agentliyinin xidmətindən istifadə etməli?

Üç-beş agentlikdə qeydiyyatdan keçməkdə fayda vardır. Onların xidmət etdikləri müştərilər baxımından müəyyən təkrarlamalar olsa da, bəzi fərqlər də olacaqdır. Əgər siz işdən azad olmanın astanasındasınızsa, sizin işəgötürən iflas həddindədirsə və ya geniş ölçüdə iş seçmək imkanı qarşınıza çıxıbsa, o zaman sizin ən doğru yol maraq göstərdiyiniz sahədə fəaliyyət göstərən bir neçə kadr agentlikləri ilə dərhal əlaqə qurmaq olacaqdır.

Bununla belə şirkət sizin işədüzəlmək üçün eksklüziv hüquqlarınızı ona verilməsinə çalışacaqdır ki, rəqib şirkətlərlə əlaqə qurmayasınız. Bəzi hallarda çox məhdud zamanda bunu etmək tövsiyyə olunur. Bunu sizin çox saylı müsahibəyə dəvət almaq istəmədiyiniz hallarda və ya xüsusi olaraq məxfiliyin qorunması ilə əlaqədar narahatlıq keçirdiyiniz zamanlarda etmək olar.

Əlbəttə ki, əgər müəyyən müddətə eksklüziv hüquqlarınızı verməyə razı olsanız belə siz şirkətin sizə kömək etmək imkanlarından da əmin olmalısınız. Sizin qərarınıza yalnız şirkətin keçmiş təcrübəsinin nəticələri deyil, həmçinin sizin işinizlə məşğul olacaq məsləhətçi ilə qarşılıqlı anlaşma səviyyəsi də təsir edə bilər. Əgər məsləhətçi sizin tələblərinizi başa düşürsə və buna nail olmaq üçün cəhdlər edirsə o zaman təxminən iki ay müddətinə bu şirkətin xidmətlərindən istifadə etmək məqsədə uyğundur.

Məsləhətçi şirkəti özünüzə tərəf necə cəzb etməli?

Tez-tez kadr agentliklərinin xidmətindən istifadə edən insanların göstərilən xidmətin keyfiyyətindən şikayət etdiklərini eşitmək olur:

“Məsləhətçi mənə zəng etməkdə çox yubanırdı”

“Artıq bir həftədir ki, onlar heç nə təklif edə bilmirlər”

“Mənim öz tələblərimi müzakirə etmək üçün müsahibəyə dəvət olmaq cəhdlərim boşa çıxdı”

Bir tərəfdən bu şikayətlər haqlı da olsa, digər tərəfdən isə onlar agentliklərin rolu və təklif etdikləri xidmər haqqında yanlış təsəvvürə malik olurlar.

Kadr agentliyi ilə əlaqə qurarkən böyük ehtimalla müsbət münasibət görəcəksiniz. Bununla belə özünüzü stressdən qorumalı və ən vacib məsələləri yadda saxlamalısınız:

  • Kadr agentlikləri insanlar üçün iş deyil, təşkilatlar üçün insan axtarır;
  • Müştəri-təşkilat pul ödəyən tərəf olduğu üçün namizəd qarşısında üstün vəziyyətdədir;
  • Sizə edilən kömək və məsləhət pulsuzdur;
  • Vaxt-puldur. Buna görə də məsləhətçinin vaxtını boş yerə almayın.

Əgər siz bunu nəzərə alırsınızsa və bacarıqlarınız tələb olunandırsa, əmin olun ki, agentlik üçün siz çox qiymətlisiniz və buna görə də sizə nəzakətlə və peşəkarlıqla yanaşılacaqdır.

Prosesi təsvir etmək

Siz düşünə bilərsiniz ki, agentliyi seçdikdən sonra ora zəng edəcəksiniz və məsləhətçi sizinlə söhbət etmək üçün canfəşanlıq edəcəkdir. Bu heç də belə olmaya bilər. Faktiki olaraq siz nə qədər yüksək vəzifə tutmuş olsanız, bir o qədər şirkəti maraqlandırmaq çətin olacaqdır.

Bu qəribə gələ bilər, lakin bu haqda düşünmək lazımdır. Ən aşağı idarəetmə vəzifəsi olan setifikatlı mühasib üçün bir çox vakansiyalar yarana bilər və bir çox işəgötürənlər onları işəgötürmək üçün mübarizə apara bilərlər. Budur artıq sizə tələb var. Səviyyə nə qədər yüksək olarsa, müvafiq vakansiya az olar və buna iddialı olan insan sayı da bir o qədər çox olar.

Reallıq odur ki, bir çox hallarda məsləhətçi sizinlə görüşmək istəməyə bilər. Hələ ki, doldurulacaq vakansiyalar mövcud ikən sizinlə görüşmək onun vaxtını ala bilər.

Yalnız o halda kadr agentliyi sizinlə maraqlana bilər ki, onun axtardığı şəxs siz olasınız.

Kadr agentliyinin axtardığı şəxs siz olacağınız təqdirdə o sizinlə maraqlanacaq və istədiyiniz müsbət cavabı ondan ala biləcəksiniz.

Kadr agentliyinin qapısından daxil olarkən

Agentliklə əlaqə qurarkən sizin görəcəyiniz ilk iş məsləhətçini sizinlə görüşmək istəməyə vadar etməkdir. Bunun üçün bir neçə fəndlər mövcuddur:

  • Bu agentliyin ən yaxşı şirkət olduğuna görə seçdiyinizə dair məsləhətçidə əminlik yaratmaq;
  • Kimi isə tanıdığınıza istinad etmək;
  • Məsləhətçinin qəbuluna yazılmaq arzusunu ifadə etmək;

Məsləhət

Əgər siz bir müddət əvvəl fəaliyyət göstədiyiniz sahədə iş tapan və analoji vəzifəyə təyin olunan bir dostunuzdan tövsiyyələr almısınızsa o zaman bu əlaqədən maksimum fayda əldə etmək lazım gələcəkdir. Məsləhətçiyə bu şirkəti dostunuzun tövsiyyə etdiyini söyləyərək sizin üçün də iş tapacağınıza da ümid etdiyinizi qeyd edin.

Bundan başqa tanışlarınızdan kimsə məsləhətçinin dostu ola bilər və ondan sizə bu məsələdə dəstək olmanızı xahiş edin. Bu qapıları açmaqda sizə kömək edəcək istənilən üsulları tətbiq etmək vacibdir.

Qarşılıqlı əlaqə zamanı nəzakətli və çevik olun. Məsləhətçiyə onun üçün rahat olan bir vaxtda, istər səhər, istərsə də axşam saatlarında görüşmək istədiyinizi bildirin. İzah edin ki, bu çox vaxt aparmayacaq. Ola bilər ki, sizin söhbətiniz üçün 20 dəqiqə kifayət etsin.

Əlaqələrin qurulması

Əgər siz görüşdüyünüz məsləhətçilərlə yaxşı əlaqə qura bilsəniz o zaman kadr agentliklərindən müsbət nəticə əldə edə bilərsiniz.

Məsləhət

Unutmayın ilk görüş – özünüzü məsləhətçiyə “satmaq” üçün ən vacib imkandır. Bu görüşə (həmçinin bundan sonrakı görüşlərə də) sanki bir işəgötürənin yanında müsahibə keçmək kimi münasibət bəsləmək lazımdır.

Bu əlaqələr ilk telefon danışığından başlayır və bu andan etibarən inkişaf etməyə başlayır. İlk görüşdə məsləhətçilərdə sizin haqqınızda təsəvvür oyanır və bu əlaqənin nə qədər perspektivli olduğu müəyyən edilir.

Nəticə etibari ilə məsləhətçi işəgötürənin nümayəndəsi kimi hərəkət edərək onun maraqları çərçivəsində ilkin seçimini edir. Buna görə də işəgötürənlə görüşə nail olmaq üçün məsləhətçidə təəssürat oyatmaq lazım gələcəkdir:

  • Görüşə hər zaman vaxtında gəlməli;
  • Müsahibəyə gedərkən necə geyinilirsə o cür gözəl geyimlə məsləhətçinin görüşünə getmək;
  • Hər zaman nəzakətli olmalı;
  • Müzakirəni sizin müsbət keyfiyyətlərinizin üzərində cəmləşdirməli;
  • İş axtarışı üçün ruh yüksəkliyini ifadə etmək;
  • Bacardıqca qarşılıqlı anlaşmanı tənzimləməyə çalışmaq.

Əgər bunlardan istifadə etmiş olsanız, o zaman məsləhətçi sizi şirkətdə özünüzü yaxşı tərəfdən göstərən şəxs olaraq qəbul edəcəkdir.

Məsləhət

Əgər siz məsləhətçinin xoşuna gəldinizsə və onda yaxşı təəssürat buraxdınızsa, o zaman iş axtarışı prosesində lider mövqeyinə qalxmış olursunuz. Şübhəsiz ki, siz dünyanın ən mükəmməl tərcümeyi-halına malik olmaya bilərsiniz. Siz hiss edirsiniz ki, indiki vəzifənizdə artıq çox qalmış və yeni bacarıqlar əldə etməmisiniz. Məsləhətçi bunu müəyyən edə bilər. Bununla belə özünüzü yaxşı tərəfdən göstərərək, yeni işinizdə tələb olunan bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün müsbət əhval ruhiyyə və arzularınızı ifadə etmiş olsanız siz onların axtardığı şəxs olacaqsınız.

Məsələn, sizin xarici görünüşünüz çox əhəmiyyətlidir. Küçədə yay ayı və isti hava şəraitinin olması sizə kadr agentliyinə futbolkada gəlməyə əsas vermir. Məsləhətçi haradan bilsin ki, siz onun müsahibəyə göndərəcəyi şirkətə gedərkən bu ehtiyatsız hərəkəti təkrarlamayacaqsınız. Sizin ciddi namizəd olduğunuza dair məsləhətçidə heç bir şübhə yaratmayın.

Əgər məsləhətçini bu şəkildə sizə inandırmağa məcbur edə bilsəniz böyük ehtimalla onlar riskə gedərək sizi şirkətə tövsiyyə edə bilərlər. “Bob, mən bilirəm ki, bu oğlanın tərcümüyi-halı digərləri kimi cəlb edici deyil. Ancaq güman edirəm ki, o sənin xoşuna gələcək. O bir çox keyfiyyətlərə sahib olmaqla həqiqətən də bu işə keçməyə hazırdır. Güman edirəm ki, sənin onun məqsədyönlü və ağır işi görmək əzmində olan bir insan olduğunu görəcəksən”. Belə bir dəstək siz tələblərə cavab verməsəniz belə müsahibə üçün seçilmiş namizədlərin siyahısına düşməyə imkan verəcəkdir.

Yadda saxlayın ki, məsləhətçilərə onların müştəriləri olan şirkətlərə tövsiyyə edə biləcəkləri namizədlər tapması vacibdir. Onlar istəyirlər ki, özünüzü yaxşı tərəfdən göstərəsiniz. Onlara hörmətlə yanaşın və çox güman ki, onlar da sizə eyni şəkildə cavab versinlər.

“Beyin ovçuları” firmalarının diqqətini cəlb etmək 

“Beyin ovçuları” firmaları fikirlərini əsasən yüksək tələblərə cavab verən vakansiyalar üçün “beyin” axtarışları üçün cəmləşdirirlər. Əgər karyeranızı inkişaf etdirmək istəyirsinizsə şübhəsiz ki, “beyin ovçularının”diqqətini cəlb etmək yaxşı üsul olardı.

Sizə hal-hazırda işləmək və sanballı təcrübəyə malik olmaq heç də pis olmazdı. Hətta bəzən təkcə indiki işlədiyiniz vəzifənin adı sizi “beyin ovçuları” ilə görüşə gətirib çıxara bilər. Siz iş axtarmadığınız halda belə bu baş verərsə nəzakətli olmağa çalışın. Ola bilər ki, bu insan bir neçə ildən sonra sizin arzularınızın açarını əlində tutmuş olsun.

Lakin belə bir təkliflərin olmadığı təqdirdə və siz “beyin ovçuları”nın fikrini cəlb etmək istəyirsinizsə müəyyən tədbirlər görməlisiniz. Bunu aşağıdakıların vasitəsi ilə edə bilərsiniz:

  • Konfranslarda çıxış etməklə;
  • Məqalə yazmaqla;
  • İş yerinin dəyişməsinə dair elanların verilməsi.

Top-menecer axtarışı ilə məşğul olan Whitehead Mann GKR şirkətinin partnyoru Kris Lonq belə demişdir: “Elə etmək lazımdır ki, yüksək vəzifə üçün sizi potensial kadrların arasından müəyyən etmək olsun. Buraya peşəkarlığınızın artırılması və şirkətiniz üçün gördüyünüz işlər daxildir. Vaxtınızın bir hissəsini işləyərək karyeranızın idarə olunmasına və gələcəkdə özünüzü təqdim etmək baxımından “beyin ovçuları” ilə dostluq imkanlarına sərf etmək lazımdır”

Konfranslarda çıxışlar

Hal-hazırda müxtəlif sahələr üzrə konfranslar keçirilir ki, bu da biznes, ekologiya, sosial, tibb, hüquq və digər məsələləri əhatə edir. Belə konfranslar bacarıqlı və arzu edən şəxslərin çıxışlarını əhatə edir. Əgər istəmədiyiniz halda belə sizə konfransda çıxış etmək təklif olunursa bununla razılaşmaqda fayda vardır. Bu vəziyyətdən istifadə edərək özünüzü irəli çəkə bilərsiniz.

Siz işlədiyiniz sahəni əhatə edən konfransları diqqətlə izləyə bilərsiniz. Əgər sizi maraqlandıran mövzu varsa o zaman təşkilatçılarla əlaqə saxlaya bilərsiniz. Əvvələr təşkilatınızda hansısa mövzu üzərində tədqiqat aparmısınızsa ondan istifadə etmək daha yaxşı olardı. Əgər siz gözəl natiq ola bilsəniz adınız tədricən işlədiyiniz sahədə məhşur olacaqdır.

Məqalələrin yazılması

Biz başqa üsul isə yerli və peşəkar qəzetlər üçün işlədiyiniz sahə üzrə məqalələrin yazılması təklifidir. Bir çox nəşrlərdə “mütəxəssis rəyi” bölməsi mövcuddur ki, orada həftədə və ya ayda bir dəfə müxtəlif qeyri-jurnalist olan mütəxəssislərin məqalələri çap edilir. Əgər sizin deməyə sözünüz varsa, eləcə də həmkarlarınızın və ya “beyin ovçuları”nın diqqətini cəlb etmək istəyirsinizsə bu üsuldan da istifadə etmək lazımdır. Şübhəsiz ki, bu dərhal təsirini göstərməsə də bir müddətdən sonra siz öz sahənizdə müəyyən nüfuz əldə etmiş olacaqsızınız.

Məsləhət

Tutaq ki, siz yenicə yüksək vəzifəyə təyin olunmusunuz. Bir çox ixtisaslaşmış mətbuatda xüsusi bölmələr var ki, orada vəzifəsini və işəgötürəni dəyişmiş şəxslər haqqında məlumatlar dərc edilir. Əgər sizin haqqınızda məlumat belə nəşrdə dərc olunubsa onun surətini çıxararaq “beyin ovçularına” göndərə bilərsiniz. Əlavə qeydlər də etmək olar. Məsələn: “Nəzərinizə çatdırıram ki, mən bu yaxınlarda şirkətin marketinq direktoru təyin olunmuşam. Yenidən hazırlanmış tərcümeyi-halımı sizə göndərirəm.”

İş dəyişməsinə dair materialların çapı

Bu üsul “beyin ovçusunu” cəlb etmək üçün bir az məntiqsiz səslənsə də iş dəyişmə zamanı özünüzü reklam edə bilərsiniz.

Təbii ki, siz yeni iş yerinə dərhal keçməyi planlaşdırmırsınız. Lakin siz “beyin ovçusunu” gələcəkdə iş yerinizi dəyişən namizəd olaraq məlumatlandırırsınız. O vaxt ərzində qəzetdə sizin haqqınızda məlumat gedəcək və siz “beyin ovçusu” ilə əlaqə saxlayaraq yeni iş yerinizdə bir neçə ay qalacağınızı bildirirsiniz. Artıq bir-iki ildən sonra siz yeni işə keçməyə tam hazır olacaqsınız.

Qeyri-standart yanaşma

Məlumdur ki, insanlar bəzi hallarda effektiv fəndlər işlədirlər. Tutaq ki, bir neçə aydan sonra işdən uzaqlaşmağı planlaşdırırsınız. Ola bilər ki, siz ehtimal edirsiniz ki, şirkətdə yenidən təşkilatlanma baş verəcək və sizin vəzifəniz ixtisara düşəcəkdir. Belə vəziyyətə düşən insanlar fənd işlədərək “beyin ovçusuna” zəng vuraraq şirkətdə baş verəcək yenidən təşkilatlanma barədə məlumat verir və yeni vakansiyaların doldurulması üçün onların xidmətinə ehtiyac olacağını bildirir. Məsləhətçi onun mənafeyinə cavab verəcək məqam olduğunu gördükdə söhbəti davam etdirəcəkdir.

Sizin hal-hazırki iş yerində özünüzü müsbət tərəfdən göstərmək üçün çox gözəl fürsətiniz vardır. Sizin edəcəyiniz iş məsləhətçi ilə ünsiyyət qurulmasını sürətləndirməkdir. Daha sonra məsləhətçini təəssüflə məlumatlandırırsınız ki, yenidən təşkilatlanma ilə əlaqədar olaraq sizin vakansiya ixtisara düşür və tezliklə iş axtarışlarına başlayacaqsınız. Bu isə o deməkdir ki, sizə tezliklə məsləhətçi tərəfindən vakansiyalar təklif olunacaqdır.

“Beyin ovçuları” ilə birbaşa ünsiyyət

“Beyin ovçuları”nın prinsipi belədir: “Bizə zəng etməyin, biz özümüz sizə zəng vuracağıq.” Onlar əmək bazarını tədqiq edərək bacarıqlı namizədləri tapmaqları ilə qürur hissi keçirirlər.

Bununla belə onlardan bəziləri birbaşa ünsiyyətə hazırdırlar. Bizim tədqiqatımızda “beyin ovçuları”ndan dörddə üçü təşəbbüs müraciətlərini oxuduqlarını, üçdə ikisi isə ona cavab yazdıqlarını bildirmişlər. Bir çoxları isə bu cür təşəbbüs müraciətlərini hər gün aldıqlarını bildirmişlər.

Bəzi “beyin ovçuları” qeyd edirlər ki, təşəbbüs müraciətlərinə cari vakansiyalar üçün nəzərdən keçirilir. Lakin onların yarısı bu müraciətlərə gələcək vakansiyalarda baxacaqlarını bildirirlər. Bu isə sizin haqqınızda məlumatların heç də arxivə göndəriləcəyi mənasına gəlmir.

Müvəqqəti imkanlar

Öz karyerasını aktiv inkişaf etdirmək istəyən bəzi insanlar müvəqqəti işlər üzərində ixtisaslaşmış işədüzəltmə şirkətlərində qeydiyyatdan keçə bilərlər. Bu ona görədir ki, müvəqqəti işlər daimi işlərə nisbətən daha səmərəli ola bilər.

Müvəqqəti işin üstünlükləri 

Müvəqqəti işlə məşğul olmağın bir neçə potensial üstünlükləri mövcuddur. Birincisi ona görə ki, müvəqqəti olan bu iş sizin üçün daimi ola bilər. Bu o halda baş verər ki, məsələn: sizin əvəz etdiyiniz və analıq məzuniyyətinə getmiş şəxs geri qayıtmaq istəməsin və ya şöbədə aparılan yenidən təşkilatlanma ilə əlaqədar sizin üçün yaradılmış müvəqqəti vakansiya daha sonra daimi ola bilər. Şirkətə gəlincə onun iki seçimi vardır: əmək bazarında vaxt və pul sərf edərək vəzifəyə tanımadığı şəxsi gətirmək və ya bu vəzifədə artıq özünü sübut etmiş və işi bilən şəxsi təyin etmək.

Məsləhət

Bütün bunlar müvəqqəti işin daimi işə çevrilməsinin əsasını qoyur və sizə öz bacarıqlarınızı nümayiş etdirməyə imkan yaradır.

Müvəqqəti iş üçün kimlər uyğundur?

Müvəqqəti məşğulluq bazarı ənənəvi olaraq daha çox tətil qabağı intensiv olaraq işləməyi arzulayan gənclər üçün daha münasibdir. Müvəqqəti işlər daimi işə keçməyə əmin olmayan insanlar üçün bir kömək ola bilər. Qısamüddətli iş vasitəsi ilə işçi daimi işlə müqayisədə daha geniş spektrli təşkilatlara çıxa bilər. Bununla belə müvəqqəti işlərədə işləyənlər istənilən yaşda ola bilər. Həqiqətəndə yaşı qırxı ötmüş insanlar bazarda daimi iş tapmaqda çətinlik çəkir. Çünki onlar gənc rəqiblərinə qarşı çıxırlar. Halbuki, müvəqqəti işlər dünyasında onlar daha çox üstünlüyə malikdirlər. Sizin bütün bunları “artıq gördüyünüzü” nəzərə alaraq tam əminliklə yeni vəzifəyə başlaya bilərsiniz.

Müvəqqəti işə arxayın olanlar müəyyən keyfiyyətlərə də sahib olmalıdırlar. Siz qətiyyətsiz olmağınızın öhdəsindən gəlməlisiniz. Çünki, bir və ya iki həftədən sonra nə baş verəcəyini heç kim bilmir. Həmçinin özünüzü elə bir şəxsiyyət kimi aparın ki, bu komandaya düşməyiniz xoşbəxtlik kimi görünsün. Həmçinin burada iş yoldaşlarınızı tanıdıqdan sonra yeni iş yerinə keçmək kimi keyfiyyətlər də vacibdir. Belə müxtəliflik bir çoxlarının xoşuna gəlmir. Lakin bu dəyişikliklər sizin üçün uyğundursa, o zaman belə müqavilə müsbət impuls olacaqdır.

Əminlik gücləndiricisi

Bir neçə ay işsiz qalan insanlar üçün müvəqqəti işlər əminlik hissini gücləndirə bilər və müsbət əhval-ruhiyyə gətirə bilər.

Daimi iş axtarışında ikən müvəqqəti işdə işlədiyiniz zaman siz işəgötürənin axtardığı ruh yüksəkliyi nümayiş etdirəcəksiniz. Bu özünə inam, enerji və məqsədə doğru yönəlmə şəklində ifadə ediləcəkdir. Məzuniyyətdən qabaq və sonra ağlınızın necə işləməsini düşünün. Məzuniyyətdən qabaq insan şövqlə işləyərək layihələri sona çatdırmağı və qısa müddətdə qalan xırda işləri yekunlaşdırmağa çalışırlar. Qayıtdıqdan sonra enerjili və istirahət etmiş olsalar da bir qayda olaraq iş ritminə o anda düşə bilmirlər. Eyni hal uzunmüddət işləməyənlərdə də baş verir. Müvəqqəti iş sizin iş əhval-ruhiyyənizi qorumuş olur.

Məsləhət

Hətta uzunmüddət bir yerdə işləyən şəxs işdən çıxdıqdan sonra başa düşəcəkdir ki, müvəqqəti olaraq bir neçə işlə məşğul olmaq onların tərcümeyi-halının zənginləşməsinə səbəb olacaqdır. Bir neçə sahə üzrə iş yerini dəyişməklə siz geniş peşəkar təcrübə və bacarıqlarla təmasda olacaqsınız. Bununla siz sübut edirsiniz ki, hal-hazırda əmək qabiliyyətli insansınız.

Müvəqqəti işlər yüksək vəzifə ilə əlaqəli olmaya da bilər. Yüksək vəzifələr qeyri-müəyyən səbəblərdən vakant olaraq təşkilat üçün baş ağrısına çevrilə bilər. Məsələn, bir təşkilat illik əmək haqqısı 120 000 funt olan vəzifəyə namizəd axtarakən bu vəzifə üçün lazım olan şəxsin keyfiyyətləri barədə təsəvvürü var idi. Bu yaş, təcrübə və əmək fəaliyyəti ilə əlaqədar keyfiyyətlər idi. Vəzifə olduqca məsuliyyətli idi. Təşkilat qərara gəlir ki, daimi işçi tapana qədər onu yerinə müvəqqəti bir şəxs təyin etsin. İşə götürülən şəxs heç də bütün tələblərə cavab vermirdi. Lakin bununla belə onun çox gözəl idarəetmə qabiliyyəti, problemlərin həlli və əməkdaşların stimullaşdırılmasında bacarıqları var idi. Artıq bir neçə aydan sonra təşkilat şəxsin müsbət təsirini etiraf etməklə ona bu vəzifəni daimi əsaslarla tutmağı təklif etdi.

Müvəqqəti idarə edici

Müvəqqəti idarə edən yüksək vəzifəni müəyyən müddətdə tutmaq kimi nəzərdən keçirilir. Lakin mütəxəssislər bunu başqa cür qəbul edirlər.

Müvəqqəti idarə edənlər daha çox müəyyən vəziyyətlərin idarə edilməsində tələb olunur. Bu konkret problemlər, layihələr və ya təşkilati idarəetmədə zəruri olan dəyişikliklərdə baş verən çətinliklərlə əlaqədar vəziyyətlərdir. Buna şirkətin birləşməsi, bağlanması və ya satılması halları aid ola bilər.

Müvəqqəti idarə edənin xüsusiyyətini nəzərə alsaq bu təcrübəli, tez qərar verən və ətrafdakıları stimullaşdırmağı bacaran şəxs olmalıdır. Bu vəziyyətdə maraqlı olan odur ki, ağ saçlar müəyyən üstünlük hesab edilir. Sizin bu vəzifəyə uyğun olduğunuzu hesab etmələri üçün müəyyən mərhələləri keçməyiniz lazım gələcəkdir. Siz sürətli şəkildə uyğunlaşmağı bacarmalı və baş verən dəyişiklikləri idarə etməlisiniz. Müvəqqəti yaxşı idarə edən olmağınız üçün sizə aşağıdakılar lazımdır:

  • Uyğunlaşmış olmaq;
  • İnformasiyanı sürətli mənimsəmək və təhlil etməyi bacarmalıdır;
  • Effektiv ünsiyyət bacarığına sahib olmaq;
  • Komandanın yaxşı üzvü olmaq;
  • Taktikalı və diplomatik olmaq.

Müvəqqəti idarə edən olmaq asan seçim deyil. Həqiqətdə isə yaxşı müvəqqəti idarə edən olmaq yaxşı rəhbər olmaqdan daha çətindir. Müvəqqəti idarə edən şəxslər bu yola ona görə baş vururlar ki, onlar yeni sınaq axtarışlarındadırlar və özlərini daimi məsuliyyətə bağlamaq fikrində olmurlar. Onlar hal-hazırda bu vəzifəni istədikləri üçün bu qərarı qəbul edirlər. Mahiyyət etibarı ilə bu vəzifə çətin və gərgin olmaqla yüksək maaşlıdır.

Əgər siz düşünürsünüz ki, belə həyat tərzi sizə görədir o zaman müvəqqəti idarəetmə işləri üzrə ixtisaslaşmış şirkətlərə müraciət etməyiniz lazımdır. Siz görüş təyin etməklə əmək bazarında bu sahə üzrə bacarıqlarınızın olub-olmadığını müzakirə edə bilərsiniz. 

Nəticə

  • İşədüzəltmə agentliyində qeydiyyata düşməklə geniş spektrli iş yerlərinə çıxışınız olacaqdır.
  • Mütəxəssis seçimi üzrə şirkətlərin göstərdiyi xidmətlərin mahiyyətini başa düşməyə çalışın.
  • “Beyin ovçuları” şirkətləri əsasən ambisiyalı insanların yüksək vəzifəyə seçilməsinə çalışırlar.
  • İşədüzəltmə şirkətləri iş elanları verməklə bərabər “beyin ovçuları” kimi birbaşa namizəd axtarışına da çıxa bilərlər.
  • Elə bir şirkət seçin ki, o sizin səviyyədə olan insanların işlə təmin etməkdə təcrübəsi olsun.
  • Kadr agentliklərinin necə işlədiklərini başa düşməyə çalışın. Bilin ki, onlar ilk növbədə müştəri-şirkətlərin maraqlarını qoruyurlar.
  • Məsləhətçi ilə görüşdə öz tələblərinizi razılaşdırmağa çalışın.
  • Yadda saxlayın ki, ilk növbədə özünüzü məsləhətçiyə “satmaq” vacibdir.
  • Məsləhətçini özünüzə tərəf istiqamətləndirmək sizə bağlı qapıları açmağa kömək edəcəkdir.
  • Siz “beyin ovçuları”nı konfranslardakı çıxışlarınızla, məqalə yazmaqla və iş yerinizi dəyişmək haqqında mətbuata məlumat verməklə cəlb edə bilərsiniz.
  • Müvəqqəti işlə məşğul olmaq sizin karyeranızın inkişafına təkan vermiş olacaqdır.
  • Müvəqqəti işlər sizin qısa müddətdə təcrübənizin genişlənməsinə səbəb olacaqdır.
  • Bəzi hallarda müvəqqəti işlər daimi işə çevrilə bilər.
  • Müvəqqəti idarəetmə vəzifələri yeni və çətin məsələlərin həllinə can atan peşəkarlar üçün əsl seçimdir.

 

1335 2