Maliyyə-İqtisad Kollecində imtahanlar ilk dəfə olaraq test üsulu ilə keçirilir

11 YANVAR 2017 | VIEWS:
2244

525.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində 2016-2017-ci tədris ilinin qış imtahan sessiyasında bir sıra yeniliklər tətbiq edilib.

Kollecdə tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi üçün imtahanlar ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilir.

İmtahan sessiyasının uğurla həyata keçirilməsi məqsədi ilə kollecdə Apellyasiya və İşçi-nəzarət komissiyaları yaradılıb. Eyni zamanda imtahan prosesinə nəzarət və iştirak ictimaiyyət üçün tam açıq elan edilib. Kollecdə həmçinin imtahan prosesi zamanı yarana biləcək hər hansı sual və problemlərin operativ şəkildə cavablandırılması üçün “Qərargah” da yaradılıb.

“Qərargah” həftənin beş günü 09:00-18:00-dək fəaliyyət göstərir. İmtahan prosesi ilə bağlı yaranan problemlərlə bağlı müraciətləri (012) 493-51-10 nömrəli telefona zəng etməklə bildirmək mümkündür. Bu günədək “Qərargah”a 30- müraciət daxil olub. Müraciətlər dinlənilib, qarşıya çıxan problemlər operativ araşdırılıb və həll edilib.

Yanvarın 11-də Kolleçin 2 və 3-cü kurs tələbələri test üsulu ilə imtahan veriblər. İmtahanın gedişini hər qrup üzrə 2 nəzarətçi izləyib. İmtahan zamanı tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün şərait yaradılıb. İmtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verir. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da obyektivlik təmin edilir.

Kollecdə 2016-2017-ci tədris ili üçün test üsulu ilə keçirilən imtahanlarda əyani və qiyabi şöbələr üzrə 1054 tələbənin iştirakı nəzərdə tutulub. Sessiya üçün 301 imtahanı əhatə edən 47 fənn üzrə (azərbaycan və rus bölməsi üzrə) test nümunələri hazırlanıb. Hər bir fənn üzrə hazırlanan 300 test nümunəsi imtahanlardan öncə tələbələrə təqdim edilib. İmtahan zamanı isə hər bir tələbəyə müxtəlif variantlar üzrə 50 test nümunəsi təqdim edilib.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılıb. Ölkədə orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir.

S.QARAYEVA

2245 1