“Nizami Gəncəvi ili”nə həsr olunan beynəlxalq elmi konfrans fəaliyyətə başladı

23 FEVRAL 2021 | VIEWS:
36

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunacaq III. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların beynəlxalq elmi konfransının təşkilat komitəsinin ilk iclası keçirilib.

Tədbirdə UNEC və Gəncə şəhər İH-nin nümayəndələri ilə yanaşı, millət vəkilləri, xaricdə təhsil alan gənc tədqiqatçılar, tələbələr iştirak ediblər.

Konfransın sədri, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru dosent Fariz Əhmədov konfrans barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, 4-7 iyun tarixlərində Gəncə şəhərində təşkil olunacaq konfrans Nizami Gəncəvinin 880 illiyinə həsr ediləcək və “Nizami Gəncəvi və Davamlı İnkişaf” mövzusunda olacaq. Konfransda Nizami Gəncəvi və onun iqtisadi fikirləri, Qarabağın iqtisadiyyatı, KOB-ların inkişafı, IV Sənaye inqilabı, COVID-19 pandemiyasının iqtisadi təsirləri, sosial sahibkarlıq, sosial biznes və digər mövzularla bağlı məruzələr qəbul olunacaq. F.Əhmədov konfransın məruzə kitablarının Google Scholar bazasında indekslənməsi üçün müvafiq tədbirlərin görüldüyünü bildirib. Konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin  kitab halında  Harvard, Oxford, Yale, Stanford, Columbia, Toronto, Duke və digər nüfuzlu universitetlərin və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra konfransın təşkilat komitəsinin sədri İlkin Məmmədov konfransın yeni dizayn olunmuş, müasir və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış yeni vebsaytının təqdimatını edib. Saytdakı yeniliklər, konfransın təbliğat və təşviqatı istiqamətində görülən işlər, məruzələrin göndərilməsi və dəyərləndirilməsi prosesləri barədə məlumat verib.

Görüşdə iştirak edən Gəncə şəhər İH başçısının birinci müavini Səməd Tomuyev konfransın əhəmiyyətindən danışıb. Konfransın Azərbaycan təhsilinə və Gəncəyə böyük töhfələr verəcəyindən əminliyini ifadə edib.

Sonra Gəncə şəhərinin millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Naqif Həmzəyev konfransın Nizami ili çərçivəsində Gəncədə keçirilməsini yüksək qiymətləndiriblər, konfransın işinə uğurlar arzulayıblar.

Çıxışlardan sonra təşkilat komitəsi üzvlərinin təklifləri dinlənilib, konfransın rəsmi olaraq təbliğat və təşviqat işinə start verilib.

Konfransla bağlı ətraflı məlumatı www.conferences.az saytından əldə etmək mümkündür.

*

https://news.unec.edu.az/xeber/100-elm/7197-nizami-gencevi-ili-ne-hesr-olunan-beynelxalg-elmi-konfrans-fealiyyete-bashladi

37 2