Nobel mükafatçısı UNEC-də olub

30 SENTYABR 2016 | VIEWS:
1331

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Nobel mükafatçısı, professor Edvard Preskot Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.

Nobel mükafatçısı ilə görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskot barədə danışan beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov alimin həm də UNEC-in fəxri doktoru olduğunu bildirib. Prorektor dünya şöhrətli iqtisadçıya İqtisad Universiteti haqda, ali məktəbdə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Edvard Preskot V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, dünyanın 80-a yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafında mühüm töhfə verəcəyini xüsusi qeyd edib.

Daha sonra Edvard Preskot ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflayasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər və onun gələcək taleyi, investisiya mühiti, sosial məsuliyyət, bərpa olunan enerji mənbələrindən istifadə, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə UNEC-in professor-müəllim heyəti, eyni zamanda tələbələrin ona ünvanlanan sualları cavablandırıb.

Sonda Nobel mükafatçısı İqtisad Universitetində olmağından məmnun qaldığını, UNEC əməkdaşları, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilinin səviyyəsindən xəbər verdiyini bildirib. Qeyd edib ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in mühüm rolu var.

1332 1