Professor P.Moog:”Azərbaycanın qeyri-neft ixracı sahəsində çox güclü potensialı var”

22 APREL 2017 | OXUNUB:
1720

`UNEC-də təşkil olunan “Sahibkarlıq, kiçik və orta müəssisələr: Biznesin əsasları” mövzusundakı Yaz Məktəbininin bağlanışı olub. Tədbir “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində baş tutub.
Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov qeyd edib ki, layihə çərçivəsində UNEC müəllimləri, xüsusən gənc alimlər, tədqiqatçılar və tələbələr sahibkarlıq, biznesin yaradılması və inkişafı haqqında geniş bilik və təcrübəyə sahib oldular. Layihəyə uyğun olaraq, Almaniyanın və Azərbaycanın biznes infrastrukturunun özəllikləri və fəaliyyəti ilə tanışlıq da baş tutdu. Layihədə Siegen universitetinin 10 magistr tələbəsi və UNEC-in 12 magistr tələbəsi iştirak etdi.
UNEC-də olduğundan məmnunluq hiss etdiyini, universitetdə həyata keçirilən layihələri müsbət dəyərləndirən Siegen Universitetinin professoru Petra Mooq Siegen Universitetinin və UNEC-in müəllim və tələbələrinə, həmçinin Montpellier Universitetinin nümayəndəsinə aktiv iştiraka görə təşəkkürünü bildirdi. P.Moog UNEC-ə səfəri zamanı Azərbaycanda fəaliyyət göstərən əksər istehsal müəssələri ilə yaxından tanış olduğunu,ölkə iqtisadiyyatı ilə bağlı ətraflı məlumat əldə etdiyini deyib. Bildirib ki, Azərbaycanın güclü iqtisadiyyatı var, bu ölkədə qeyri-neft ixracı sürətlə inkişaf edir.
Tədbir çərçivəsində Azərbaycan iqtisadiyyatının son tendesiyaları və problemləri haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar öz təcrübə və biliklərini bölüşüblər.
Sonda Almaniyada təşkil olunan dəyirmi masanın işçi qrupunun üzvlərinə və UNEC-də təşkil olunan qış məktəbinin ekspert müəllimlərinə sertifikatlar təqdim olunub.
Layihə haqqında: Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın Siegen Universiteti ilə birgə hazırladığı “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (“Project EE-KEY-AZ: Entrepreneurship Education: A Key to Job Creation and Employability in Azerbaijan”) layihəsi DAAD tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihə 4 il ərzində həyata keçirilməsi və bir neçə istiqamətlər üzrə fəaliyyət planı nəzərdə tutulub.

1721 1