saidov_rasim_9085+tex.e.d., prof. Səidov Rasim Əzim oğlu

1952-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə, sonra isə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu bitirmişdir.

1977-ci ildə Rusiya Federasiyasının Çelyabinsk şəhərində Aqrar Universitetin əyani aspiranturasına daxil olmuş və 1981-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

1981-ci ildə Azərbaycan Texnologiya Universitetində işə başlamış, 1988-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. 1989-cu ildə Ərzaq məhsullarının texnologiyası fakultəsinə dekan müavini təyin olunmuş, 1991-ci ildə isə həmin fakultənin dekanı vəzifəsinə seçilmiş və 2000-ci ilə kimi həmin vəzifədə çalışmışdır.

1982-ci ildə ixtirasının geniş tətbiqinə görə “SSRİ ixtiraçısı” adına və pul mükafatına layiq görülmüşdür. 1986-cı ildə Azərbaycan Ali Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1986-cı ildə Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunda, 1998-ci ildə isə Hindistanın Dehli şəhərində  «Sahibkarlıq və kiçik  biznesin inkişafı» üzrə ixtisasartırma kurslarını bitirmişdir.

*

1997-ci ildə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının (Sankt-Peterburq), 1999-cu ildə isə  Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

2009-cu ildə  doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alımlık dərəcəsi almış, 2014-cü ildə isə professor elmi adına layiq görülmüşdür.

2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasında çalışır. Hazırda  «İstehlak mallarının ekspertizası» kafedrasının professoru, texnika elmləri doktorudur.

2011-ci ildən 2017-ci ilə kimi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur.

96 elmi əsərin , o cümlədən 7 dərs vəsaitinin, 1 monoqrafiyanın, 4 ixtiranın, 1 tövsiyənin, 20 metodik göstərişin müəllifidir. Əsərləri Rusiyada, Norveçdə, İspaniyada, Özbəkistanda, Türkiyədə, Gürcüstanda, İranda, Belarusiyada  nəşr edilmişdir.

2017-ci ildən Əmtəəşünaslıq fakultəsinin elmi şurasının üzvüdür.

Ailəlidir, üç övladı var.