Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısına qoyduğu vəzifələrdən 14 il keçir

Müstəqil və müasir Azərbaycanın banisi, hər bir sahədə, o cümlədən milli iqtisadiyyatın inkişafında böyük və müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, ölkənin davamlı və strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Heydər Əliyevin diqqətdə saxladığı, xüsusi qayğı ilə yanaşdığı təhsil sahəsi onun müəyyənləşdirdiyi siyasi xətt ilə bu gün də durmadan inkişaf edir. Bu mənada Ulu Öndərin Azərbaycan Dövlət İqtisad Universitetinə verdiyi dəyər hər zaman hiss olunmuşdur. Heydər Əliyev 2002-ci ilin iyun ayının 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə mühüm nitqi ilə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətini, qarşıda duran vəzifələri tam mənada ifadə etmişdi.

Ümummilli Lider hər zaman olduğu kimi yenə də nikbinliyini qoruyurdu. “Bizim milli ali təhsilimiz var” kəliməsini fəxrlə dilə gətirməsinin ardında uzun illərin zəhməti və nail olunan uğurlar var idi. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarla yanaşı, Vətəninə, xalqına sadiq savadlı gənc kadrların yetişməsi Ulu Öndərin qürurlu nitqində yer almışdı. Bu məqamda dilə gətirdiyi “gəlin, bundan sonra bu neməti əlimizdə möhkəm saxlayaq” cümləsi təhsilimizin gələcəyi üçün başlıca vəzifəni müəyyənləşdirdi.

Heydər Əliyevin 14 il öncə  Azərbaycan Dövlət İqtisad Universitetinin heyəti qarşısında qoyduğu vəzifələrdən biri də dövlət siyasətinə uyğun müasir iqtisadi konsepsiyada əsərlərin hazırlanması idi. Keçmiş dövrlərdə siyasi-iqtisad konsepsiyasında yazılan məqalələrin müasir Azərbaycanın iqtisadi modeli ilə heç cür uyğunlaşmadığını da vurğulamışdır. O, heyət qarşısında Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün dünya təcrübəsinin öyrənilməsi, nəzəriyyələrin milli iqtisadiyyata uyğunlaşdırılmasını başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdi.

Yorulmadan Vətəni üçün çalışan Ulu Öndər professor-müəllim  heyətindən iqtisadi siyasətin geniş kütləyə çatdırılmasında fəal iştiraklarını əsirgəməmələrini söyləyərək, gənc nəslə müasir bazar iqtisadiyyatı tələblərinə uyğun təhsil verməyi tövsiyə etdi.

Ümummilli Liderin əmək bazarında iqtisadçıların ən nüfuzlu ixtisas sahibləri olmasını söyləməsi bu peşəyə göstərilən böyük rəğbətin nümunəsi idi.

Dahi şəxsiyyət Heydər Əliyev vurğuladı ki, iqtisadiyyatı irəliyə aparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır.

Ümummilli Liderin Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısına qoyduğu vəzifələrdən 14 il keçir. Azərbaycan Dövlət İqtisad Universiteti bu vəzifəni şərəflə yerinə yetirmək üçün hər gün daha çox çalışaraq, Ümumilli Liderin ümidlərini layiqincə doğrultmaqda davam edir.

 

11111 1