UNEC beynəlxalq təhsil və karyera sərgisində iştirak edib

09 OKTYABR 2015 | OXUNUB:
1739

Oktyabrın 9-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 9-cu Azərbaycan Beynəlxalq Təhsil və 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak edib. “Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgidə UNEC öz stendi ilə təmsil olunub.

Tədbirin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov UNEC-in stendi ilə tanış olub. Nazir müavininə UNEC-in ikili diplom və qarşılıqlı mübadilə proqramları, Mevlana və Erasmus + proqramları barədə məlumat verilib. “Webometrics” reytinq cədvəlində universitetin mövqeyi və yeni fəaliyyətə başlayan online radiosu olan “Radio UNEC” haqda məlumatlar da diqqətə çatdırılıb.

C.Bayramov UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə universitetdə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub.

Azərbaycanın və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı Beynəlxalq Təhsil və Karyera sərgisi oktyabrın 11-dək davam edəcək.

1740 1